5 Mart 2018

ABŞ-ın nüfuzlu “Los Angeles Times” qəzetinin ispandilli versiyası olan “Hoy Los Angeles” qəzetində baş redaktor Alexandro Masielin müəllifi olduğu Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı və bir neçə gün öncə Kaliforniya Ştatı Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmələr haqqında məqalə dərc edilib. Qeyd edək ki, 1 milyonluq tiraja malik “Hoy Los Angeles” qəzeti ABŞ-ın ən böyük və nüfuzlu ispandilli mətbu orqanıdır. Bütün ABŞ-da 55 milyon, Kaliforniyada 15 milyon, Los Anceles vilayətində isə 5 milyonadək ispandilli əhali mövcuddur və bu icmanın ABŞ-ın siyasi və iqtisadi həyatındakı nüfuzu gündən-günə güclənməkdədir.

Məqalədə müəllif Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Xocalı soyqırımı haqqında məlumat verir, Azərbaycan ərazilərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyini, Ermənistanın Xocalıda çoxlu sayda azərbaycanlılara qarşı soyqırımının həyata keçirildiyini, ümumilikdə, Ermənistanın təcavüzü nəticəsində bir milyondan çox azərbaycanlının doğma torpaqlarından didərgin düşdüyünü vurğulayır. A.Masiel BMT Təhlükəsizlik Şurasının erməni silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnaməsinə Ermənistan tərəfindən hələ də əməl edilmədiyini bildirir. O, həmçinin bir sıra digər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən müvafiq qətnamələrin qəbul edildiyini vurğulayaraq diqqətə çatdırır ki, bu sənədlərdə işğalçı dövlət kimi tanınan Ermənistanın Azərbaycana təcavüzü, etnik təmizləmə və insanlığa qarşı cinayətlər törətməsi qeyd olunur.

Sonra A.Masiel bir neçə gün əvvəl Kaliforniya Ştatı Senatında Azərbaycan və Türkiyə əleyhinə keçirilmiş dinləmələrə toxunur. Bu dinləmələrin erməni lobbisi üçün gözlənilən nəticə vermədiyini qeyd edilir. O, 40 Kaliforniya senatorundan yalnız ikisinin dinləməyə qatıldığını, ştatda yaşayan Azərbaycan icmasının üzvlərinin dinləmələrdə iştirak edərək, müxtəlif suallarla çıxış etdiklərini, Ermənistan tərəfindən azərbaycanlılara qarşı həyata keçirilən qətliamların nə üçün Senat tərəfindən pislənilmədiyini soruşduqlarını və bu kimi suallarla dinləmələrin moderatoru senator Entoni Portantinonu məsələyə birtərəfli yanaşmaqda ittiham etdiklərini, senatorun isə bu suallardan hər vəchlə yayındığını bildirir.

Sonda müəllif Kaliforniya Senatının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini müzakirə edərkən, ədalət prinsipinə sadiq qalaraq hər iki tərəfin fikirlərini dinləməyə borclu olduğunu vurğulayır.

Məqalə ilə bu linkdə tanış olmaq olar: http://www.hoylosangeles.com/opinion/hoyla-opinion-en-el-conflicto-armenio-azerbaiyano-el-senado-de-california-debe-escuchar-ambas-partes-20180302-story.html