“Human Rights Watch” (keçmiş “Helsinki Watch”), 24 mart 1997-ci il

Cənab Aleksander Arzumanyan
xarici işlər naziri, Ermənistan Respublikası
Marşal Baqramyan prospekti
Yerevan

Hörmətli Arzumanyan, 

“Human Rights Watch” (keçmiş “Helsinki Watch”) təşkilatının icraçı direktoru kimi Xarici İşlər Nazirliyinin 3 mart tarixli Dağlıq Qarabağda Xocalı şəhərində 1992-ci ildə Azərbaycanlı mülki şəxslərin qətli ilə bağlı bəyanatına cavab vermək istərdim. Bu bəyanatda Nazirlik Azərbaycan Xalq Cəbhəsinin mülki əhalinin öldürülməsinə görə məsuliyyət daşıdığını iddia edir, keçmiş Prezident Ayaz Mütəllibovla müsahibəyə və təəccüblü olaraq bizim təşkilatın 1992-ci il üzrə hesabatına istinad edərək bu iddianı dəstəkləyir. “Qafqazda Qətliam: Dağlıq Qarabağda silahlı münaqişənin eskalasiyası” hesabatı münaqişə zamanı həm Azərbaycan, həm də Qarabağ erməni qüvvələri tərəfindən humanitar hüququn pozulması hallarını əks etdirir. Hesabatda dərc olunan nə bizim hadisələrə verdiyimiz ümumi təqdimat və təsvir, nə də Xocalıdan və Dağlıq Qarabağın digər kəndlərindən olan azərbaycanlı qaçqınlarla fərdi söhbətimiz Azərbaycan qüvvələrinin qəsdən mülki əhalinin evakuasiyasının qarşısını alması və ya onların öz vətəndaşlarını qırması ilə bağlı fikirləri dəstəkləyə bilməz. Nazirliyin qəsdən və ya qeyri-ixtiyari olaraq hesabatımızı bizim rədd etdiyimiz və bizim hesabatda əks olunmayan yanaşmalar ilə əlaqələndirməsindən dərin təəssüf hissi keçiririk.              

Nazirliyin bəyanatında deyilir: “... Azərbaycan Xalq Cəbhəsinin hərbi birləşmələri mülki əhalinin hərəkətinin asanlaşdırılması üçün Qarabağ erməniləri tərəfindən xüsusi olaraq açıq saxlanılan dağ keçidlərindən yerli əhalinin getməsinə fəal şəkildə mane oldu və faktiki olaraq bunun qarşısını aldı. Bununla əlaqədar, “Helsinki Watch” qeyri-hökumət təşkilatının 1992-ci il sentyabr tarixli hesabatında ermənilərin azərbaycanlı mülki əhaliyə ağ bayraqlar qaldırmaqla şəhərdən çıxmasını xəbərdar etdiyini və faktiki olaraq Azərbaycan hərbi birləşmələrinin qaçmaq istəyən şəxslərə atəş açdığını söyləyən bir azərbaycanlı qadından sitat gətirilir.”        

Bizim hesabatda həqiqətən də Xocalının bir çox sakinlərinin yaxınlaşmaqda olan hərbi əməliyyat barədə qabaqcadan xəbərdar ola biləcəyi barədə yazılıb. Çünki erməni qüvvələri həmin vaxtda Xocalı hərbi birləşmələrin rəhbəri olan Əlif Hacıyevə ultimatum vermişdi və o da öz növbəsində mülki əhalini xəbərdar etmişdi. Bizim tədqiqat və “Memorial” hüquq müdafiə mərkəzinin gəldiyi nəticəyə görə geri çəkilən hərbiçilər Xocalıdan xilas olmağa çalışan geniş qruplarda olan mülki əhali ilə birlikdə çıxdılar. Bizim hesabatda qeyd olunur ki, silahlı və formada qalmaqla Azərbaycan hərbi birləşmələri kombatant hesab oluna bilərdi və beləliklə də əgər niyyət əhalini qorumaq idisə belə onlar xilas olmağa çalışan mülki əhalini təhlükədə qoydular.          

Bununla belə, mülki əhalinin qırılmasına görə birbaşa məsuliyyət Qarabağ erməni qüvvələrinin üzərinə düşür. Həqiqətən də nə bizim, nə də ki “Memeorial”ın hesabatında Azərbaycan qüvvələrinin Azərbaycanlı mülki əhalinin şəhərdən çıxmasına mane olması və ya onları qırması iddiasını dəstəkləyəcək heç bir sübut əks olunmayıb. Açıqlama üçün 1992-ci il hesabatından sitat gətirirəm (səhifə 24):

“…Beləliklə də qaçan mülki əhali ilə qarışan kombatantlar həmin mülki şəxsləri təhlükə altına alır və öz mülki əhalisini qorumaq üzrə öhdəliyini pozmuş olur... Hücum edən tərəf hər bir halda mülki şəxslərin itkilərindən yayınmaq və ya onları minimuma endirmək üçün ehtiyat tədbirlərini görmək öhdəliyini daşıyırlar. Xüsusən də hücumun nəzərdə tutulan konkret və ya birbaşa hərbi faydasına münasibətdə artıq mülki şəxslərin itkisinə səbəb olacağının gözlənildiyi aşkardırsa, həmin tərəf hücumu təxirə salmalıdır.”

“Xocalıdan çıxan şəxslərə qarşı hücum ətrafındakı vəziyyət onu göstərir ki, erməni qüvvələri və 366-cı MDB alayının qüvvələri ...hücumlar zamanı təmkinlik göstərməyi tələb edən bu adət hüquq normasını qəsdən pozublar. Dağlıq Qarabağ rəsmiləri və silahlıları Xocalı sakinlərinin qaçmasını aşkar şəkildə gözləyirdilər. Çünki onlar əhalinin təhlükəsiz şəkildə çıxması üçün bir dəhlizin açıq qoyulacağı barədə şəhəri məlumatlandırdıqlarını iddia edirlər...Bu vəziyyətdə geri çəkilən kombatantların öldürülməsi əvvəlcədən müəyyən edilə bilən qədər geniş miqyasda mülki əhali itkilərinə haqq qazandıra bilməz.”                

İcazə verin bizim 1992-ci il hesabtında 1988-ci il Sumqayıt poqromu ilə bağlı digər istinadınıza aydınlıq gətirim. Bizim hesabatda deyilir: “Bu hadisələrin ən amansızı 1988-ci ildə Azərbaycanın Sumqayıt şəhərində otuz iki erməninin ölümünə, yüzlərlə insanın yaralanmasına səbəb olan və Azərbaycanın digər hissələrində yaşayan etnik ermənilərin qorxusunu artıran anti-erməni poqromu olmuşdur,” bu Nazirliyin bəyanatında istifadə olunan sitatdan fərqlidir. Bundan başqa, biz Azərbaycandan qaçan etnik ermənilərin sayını Nazirliyin bəyanatında bizim hesabata istinadən göstərilən 600 000 kimi deyil, 300 000 – 350 000 kimi qiymətləndirmişik.     

Biz hökumət və hökumətlərarası təşkilatların bizim hesabatlarımızdan istifadə etməsini alqışlayırıq və səmimi şəkildə ümid edirik ki, bizim 1992-ci il hesabatımızın məzmunu üzrə əlavə təhrif etmə halları baş verməyəcəkdir. 

Diqqətinizə görə təşəkkür edirəm.

Hörmətlə, 

Holi Kartner
İcraçı Direktor
Human Rights Watch/Helsinki

Surəti: cənab Həsən Həsənov, Azərbaycan Respublikasının xarici işlər naziri
cənab Ruben Şugaryan, Ermənistan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri
cənab Hafiz Paşayev, Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı səfiri
səfir Piter Tomsen, Amerika Birləşmiş Ştatlarının Ermənistandakı səfiri
səfir Riçard Kozlariç, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri

 

 


Qeyri-rəsmi tərcümə, əsli ingilis dilində