Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
28 Fevral 2016

İtaliyanın “Opinione Publica” xəbər saytında ölkəmizin İtaliyadakı səfirliyinin birinci katibi Erkin Heydərlinin Qərbin Ermənistan-Azərbaycan münaqişəsinə, eləcə də 20 Yanvar faciəsinə və Xocalı soyqırımına daha çox diqqət yetirməsinin vacibliyi ilə bağlı müsahibəsi yerləşdirilib.

Diplomat Azərbaycanda demokratik ənənələrin mövcudluğunu, hələ XX əsrin birinci yarısında yaradılmış Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman Şərqində ilk parlamentli respublika olduğunu, vətəndaşlara bütün hüquq və azadlıqların, müasir demokratik dövlətlərin bir çoxundan daha əvvəl qadınlara seçki hüququnun verildiyini qeyd edib. Bildirilib ki, Sovet hakimiyyəti dövründə belə Azərbaycanda demokratik dəyərlər gizli də olsa daim yaşadılıb və məhz bunun nəticəsində 1980-ci illərin sonlarında sovet hakimiyyətinə qarşı müqavimət göstərmək mümkün olub. 1990-cı il 20 Yanvar hadisələri isə bu müqavimətin ən parlaq səhifəsidir. Azərbaycan xalqı həmin günü təkcə faciə kimi deyil, eyni zamanda, istiqlal yolumuzun başlanğıcı, milli məfkurəmizin dönüş nöqtəsi kimi qeyd edir.

E.Heydərli Ermənistan-Azərbaycan münaqişəsi zamanı erməni vəhşiliyinin kulminasiyası sayılan Xocalı soyqırımı barədə də məlumat verib. Beynəlxalq birliyinin bu faciəyə biganə münasibətindən danışan diplomat diqqətə çatdırıb ki, erməni diasporu hər vəchlə bu soyqırımının unudulmasına, yaddaşlardan silinməsinə çalışır. Azərbaycan isə fəal şəkildə bu faciə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün səylərini davam etdirir.

İtaliyalı jurnalistin Avropa ölkələri ilə Azərbaycan arasındakı münasibətlərə dair sualına diplomat bu cür cavab verib: “Azərbaycan müstəqilliyini bərpa etdiyi ilk gündən ölkədə demokratik dövlət quruculuğu həyata keçirilir, Avroatlantik qurumlarla sıx əməkdaşlıq qurulub, regional və qlobal iqtisadi layihələrə imza atılır”. E.Heydərli bildirib ki, Azərbaycan siyasi, iqtisadi, idman, mədəni və humanitar sahələrdə Avropaya töhfə verməkdədir. Bakıda keçirilən önəmli tədbirlərdən olan “Eurovision-2012” mahnı müsabiqəsi və ilk Avropa Oyunları bunun bariz nümunələridir. Lakin bəzi dairələrin Ermənistanın Azərbaycana qarşı təcavüzünə, bir milyon azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinə, Ermənilərin Xocalıda törətdikləri cinayətlərə etinasız yanaşması və işğalçını öz adı ilə çağırmaması ikili standartlardan xəbər verir.