Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
18 Fevral 2016

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-dən başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində fevralın 18-də Dövlət İdarəçilik Akademiyasında (DİA) tələbə və müəllim heyətinin iştirakı ilə tədbir keçirilib.

“Xocalıya ədalət” Beynəlxalq Kampaniyası İctimai Birliyi dövlət qurumları və ictimai təşkilatlar tərəfindən aparılan təbliğat-təşviqat işlərinin səmərəliliyinin artırılması və bu fəaliyyətin əlaqələndirilməsinin gücləndirilməsi məqsədilə dövlət qurumları, gənclər təşkilatları, ali təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunan təqdimatlar təşkil edir.

DİA-da keçirilən tədbir zamanı “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində müxtəlif ölkələrdə həyata keçirilən tədbirlər, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində görülən işlər barədə məlumat verilib. Qeyd edilib ki, kampaniyanın fəaliyyəti nəticəsində bir sıra dövlətlərin parlamentləri tərəfindən Xocalı hadisələrinin rəsmi şəkildə soyqırımı kimi tanınmasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənməsinə nail olunub.

DİA-nın rektoru, akademik Urxan Ələkbərov bildirib ki, Xocalı soyqırımı barədə dünya ictimaiyyətinin məlumatlandırılması işində dövlət strukturları ilə yanaşı, ictimai birliklər də mühüm rol oynayır. O qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində Heydər Əliyev Fondunun fəaliyyəti xüsusi yer tutur. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üzrə misilsiz xidmətlər göstərir.

Rektor deyib ki, bu kampaniya yalnız beynəlxalq ictimaiyyəti Xocalı faciəsi barədə məlumatlandırmaq deyil, həm də dünyada oxşar hadisələrin baş verməməsinə çağırış məqsədi daşıyır.

Tədbirdə Heydər Əliyev Fondunun dəstəyi ilə Xocalı soyqırımına həsr olunan film nümayiş etdirilib.

Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində aparılan işlər, hazırlanan müxtəlif təbliğat və maarifləndirmə vasitələri barədə məlumat verilib. Bildirilib ki, yaxın günlərdə “Xocalıya ədalət” beynəlxalq kampaniyasının faciə barədə müfəssəl məlumatların toplandığı, resurs bazası olan saytı istifadəyə veriləcək. Sayt internet istifadəçilərinə, o cümlədən gənclərə kampaniyanın gedişatında iştirak etmək imkanı yaradan interaktiv platforma rolunu oynayacaq. Hər kəs “Xocalıya ədalət” beynəlxalq kampaniyasına könüllü kimi qoşulmaqla yanaşı, bu sayt vasitəsilə həyata keçiriləcək müxtəlif aksiyalarda da fəal iştirak edə bilər.