Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
24 Fevral 2016

“Sonsuz dəhliz” sənədli filminin fevralın 18-də Stokholmda keçirilən premyerası və “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” kitabının təqdimatı haqqında məlumat ABŞ-ın məşhur CNBC kanalının internet səhifəsində də yerləşdirilib.

Məlumatda deyilir: “BAFTA Kino Akademiyası mükafatçısı, britaniyalı aktyor Ceremi Ayrons tərəfindən səsləndirilmiş “Sonsuz dəhliz” sənədli filminin premyerasına baxmaq üçün cümə axşamı Stokholmun məşhur “Zita” teatrına toplaşan tanınmış siyasətçilər, jurnalistlər və nüfuzlu şəxslər 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə 613 insanın qətlə yetirildiyi Xocalı qırğını ətrafında baş verən hadisələr barədə məlumatlandırılıblar.

“Xocalıya ədalət!” kampaniyası çərçivəsində keçirilən tədbirdə bu sənədli film üzərində təqribən beş il müddətində çalışan filmin litvalı prodüseri və rejissoru Aleksandras Brokas da iştirak edib.

Brokas bildirib ki, o, regionda mövcud olan vəziyyətlə bağlı müstəqil baxış yaratmaq üçün bu layihə üzərində 15 ölkədən mütəxəssislərlə birgə işləyib. O deyib ki, azadlıq və müstəqilliyə doğru gedən yol bütün postsovet ölkələrində oxşardır: bu mübarizə çox baha başa gəldi. Xocalı faciəsində riyakar və qəddar insanların digərlərinin taleyini necə həll etməsi hekayəsindən bəhs edilir.

Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) direktoru Lionel Zetter qeyd edib ki, beynəlxalq səylərə baxmayaraq, bu günədək Dağlıq Qarabağ münaqişəsinin həlli yolu hələ də tapılmayıb: “Mən ümid edirəm ki, bu film unudulmuş regiona diqqəti yenidən cəlb edəcək”.

Bu film Dağlıq Qarabağ münaqişəsini və Xocalı qırğınını hərbi müxbir kimi işıqlandırandan 20 il sonra Azərbaycana qayıdan litvalı jurnalist Riçard Lapaitisin hekayəsi əsasında qurulub. Sənədli filmdə onun bu faciədən sonra sağ qalanlarla yenidən görüşməsi kadrları göstərilir. Onlar təhlükəsiz dəhliz axtarışına çıxaraq “Sonsuz dəhliz” boyu erməni bombardmanından qaçdıqları, bu yolda itirdikləri əzizlərini xatırlayaraq öz ürək dağlayan hekayələrini nəql edirlər.

Filmdə, həmçinin qırğını törədənlər, erməni komandirlərinin fikirləri, onların müharibə strategiyası və səbəbləri barədə də bəhs edilir. Birləşmiş Millətlər Təşkilatının bir neçə qətnamə qəbul etməsinə və digər beynəlxalq qurumların Dağlıq Qarabağdakı Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz çıxarılmasına dair çağırışlarına baxmayaraq, bu günə qədər Dağlıq Qarabağ və Azərbaycanın yeddi ətraf rayonu işğal altında qalmaqda davam edir.

Məlumatda bildirilir ki, tədbirdə, həmçinin “Müharibə cinayətinin Xocalı şahidi. Ermənistan müttəhim kürsüsündə” adlı kitabın da təqdimatı keçirilib. Redaktor İan Peart deyib ki, bu kitabın nəşri iki məqsədi daşıyır: qurbanlar barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq və beynəlxalq baxımdan obyektiv faktları təmin etmək. “Bu kitabı oxuyandan sonra ümid edirəm ki, oxucular özlərinə sual edəcəklər: yardım etmək üçün mən nə edə bilərəm? Biz bu cür cinayətlərin təkrarlanmasına bir daha yol verməməliyik”, - deyə redaktor vurğulayıb.

Film hazırda beynəlxalq yayım şirkətləri tərəfindən nümayiş etdirilir.