27 Fevral 2017

Avstraliyanın Sidney şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Azərbaycanın Avstraliyada fəxri konsuluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya parlamentinin deputatı Kreyq Kelli və sənaye və elm naziri müavini Kreyq Londi, Türkiyənin Sidneyda baş konsulu Melih Karalar, Sidneydaki azərbaycan və türk diasporları təmsilçiləri, ictimai xadimlər, şəhər sakinləri iştirak ediblər.

Tədbirdə həmçinin, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər.

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən millət vəkili X.Fətiyev bildirib ki, erməni milətçiləri öz çirkin əməllərindən əl çəkməyərək təmas xəttində yenidən gərginliyi artırır, atəşkəs rejimini mütəmadi olaraq pozurlar.

X.Fətiyev çıxışında Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin sözlərini xatırlayaraq qeyd edib ki, Azərbaycan heç vaxt öz ərazisində ikinci erməni dövlətinin yaranmasına imkan verməyəcək, Dağlıq Qarabağ münaqişəsi öz həllini tapacaq, ölkəmizin ərazi bütövlüyü bərpa ediləcək.

Tədbirdə çıxış edən millət vəkili A.Mollazadə çıxışında vurğulayıb ki, bu gün o qorxunc hadisənin - Xocalı soyqırımının 25-cü ildönümüdür. Bakıda bu qanlı faciənin ildönümündə minlərlə insanlar küçələrə toplaşaraq Xocalı soyqırımı qurbanlarını xatirəsini yad etmək üçün yürüş ediblər. Xocalı soyqırımının Azərbaycan xalqının tarixində XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən olduğunu bildirən millət vəkili Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırda bölgə üçün ən böyük təhlükə mənbəyi olduğunu bildirib.

Türkiyənin Sidney şəhərində baş konsulu M.Karalar Xocalı soyqırımı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırmaq işində türk diasporunun rolundan danışıb. O qeyd edib ki, Xocalı soyqırımı heç zaman unudulmayacaq, şəhidlərin qanı yerdə qalmayacaq.

Avstraliya parlamentinin deputatı hökmətinin sənaye və elm nazir müavini K.Kelli qeyd edib ki, Xocalı soyqırımı kimi hadisələrin təkrarlanmaması üçün dünya ictimaiyyəti həqiqətləri bilməlidir. O, bu həqiqətlərin çatdırılması üçün Avstraliyadaki Azərbaycan diasporunun rolunun çox yüksək olduğunu bildirib. K.Kelli Azərbaycana səfərini xatırlayaraq olkəmizin müasirliyindən, tolerantlığından və qonaqpərvərliyindən danışıb.

Avstraliya hökmətinin sənaye və elm nazir müavini K.Landi Xocalı soyqırımını törədənlərini pisləyib. O, Azərbaycan və Türkiyə diasporlarının rolundan danışıb.