Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
23 Fevral 2016

Fevralın 23-də Böyük Britaniya parlamentinin “Boothroyd Portcullis House” binasında kinematoqrafiya sahəsində dünyanın nüfuzlu mükafatlarına layiq görülmüş, ABŞ və Litvanın birgə istehsalı olan “Endless Corridor” (“Sonsuz Dəhliz”) müstəqil sənədli filminin premyerası keçirilib.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Bləkmənin, qrupun üzvü Baronessa O’Kateynin və Lord Hovardın iştirakı ilə keçirilən tədbir 1992-ci il fevralın 26-da törədilmiş Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr olunub. Filmin nümayişi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti tərəfindən təşkil edilib.

Böyük Britaniya parlamentinin 110 üzvü, media mənsubları, xeyriyyəçilər, Azərbaycan diasporunun fəalları, Azərbaycanın dostları və kinosevərlər qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin direktoru Lionel Zetter bildirib ki, 2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlamış “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində bu tədbiri təşkil etdiyimiz üçün qürur hissi duyuruq. Bu kampaniya çərçivəsində “Sonsuz dəhliz” filminin təqdimatı və 100-dən artıq ölkədə Xocalıya həsr edilmiş xatirə tədbirləri keçirilib. L.Zetter qeyd edib ki, Xocalı Dağlıq Qarabağ münaqişəsini simvolizə edir. Ona görə ki, Xocalıda qadın, uşaq və qocaların mütəşəkkil qırğını baş verib: “Xocalı hadisələri yaddaşlarda yaşayır. Filmin ötən il keçirilən nümayişi zamanı mən Xocalı sakini Valeh Hüseynovla görüşmək şərəfinə nail oldum. Onun keçdiyi yol, həyat yoldaşının güllələnməsi haqqında verdiyi ağrılı ifadələr filmdə səsləndirilib. Ona qəddarcasına işgəncə verilib, lakin bu günə qədər sağ qala bilib”.

Münaqişənin həlli prosesinə toxunan Lionel Zetter tədbir iştirakçılarına məlumat verib ki, hazırda Dağlıq Qarabağ və Azərbaycanın yeddi rayonu hələ də Ermənistanın işğalı altında qalmaqda davam edir. Bu da BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinin birbaşa pozulması deməkdir. Bu status-kvo nə Azərbaycan, nə də dünyanın hər hansı bir ölkəsi üçün qəbuledilən deyil. Ümid edirəm ki, bugünkü film nümayişi həmin müdhiş gecədə faciəvi şəkildə həlak olanların bir xatirə abidəsi olacaq və siz sağ qalmış azərbaycanlıların dərdinə şərik çıxacaqsınız”.

Böyük Britaniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Bob Bləkmən deyib ki, “Sonsuz dəhliz” filmində ürək yandıran görüntülər var və bunlar danılmazdır. “Qırğının baş verməsinə şübhə yoxdur”, - deyə o vurğulayıb. Deputat Azərbaycana səfərləri zamanı münaqişədən əziyyət çəkmiş bir milyondan çox qaçqın və məcburi köçkünün yerləşdirilməsi üçün görülən işlərlə yaxından tanış olması barədə məlumat verib. O deyib: “Ən böyük faciə ondadır ki, öz doğma torpaqlarında dinc yaşamaq istəyənlərə qarşı törədilmiş müharibə və insanlığa qarşı cinayətlərə görə heç kəs məsuliyyətə cəlb edilməyib. Bu həftə mən parlamentdə Xocalı qurbanlarını anmaq və müzakirələr keçirmək üçün müvafiq təkliflə çıxış edəcəyəm. Hər dəfə Azərbaycana səfər edəndə bir sual meydana gəlir: Ermənistanın işğalçılıq siyasətinə qarşı BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi qəbul edilib. Lakin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində heç bir tərəqqiyə nail olunmayıb. Görəsən nəyə görə dünyanın bu hissəsi unudulub? Fikrimcə, bu filmə mümkün qədər çox insan, xüsusilə siyasətçilər baxmalıdırlar. Mən parlament üzvlərinin faciə haqqında məlumatlandırılmasını təmin etmək üçün əlimdən gələni edəcəyəm”.

“Sonsuz dəhliz” filminin rejissoru Aleksandras Brokas təəssüflə deyib: “Hər dəfə dünyanın müxtəlif şəhərlərində bu filmə baxarkən orada göstərilən insanların təqribən 50 faizinin vəfat etməsi haqqında aldığım xəbərlər məni çox kədərləndirir. Travma nəticəsində danışmaq qabiliyyətini itirmiş gənc Günay filmin çəkilişlərindən iki həftə sonra vəfat edib. Filmdə çəkilmiş insanlar indi bilirlər ki, onlar öz ağrı və kədərləri ilə tənha deyillər. Biz günahsız insanların nələrə məruz qaldıqlarını göstərmək məqsədini qarşıya qoymuşuq”.

Azərbaycanın Böyük Britaniyadakı səfiri Tahir Tağızadə filmin ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını ifadə edib. Tarixə nəzər salan səfir Dağlıq Qarabağ münaqişəsi zamanı bölgədəki geosiyasi vəziyyət haqqında məlumat verib, problemin yaranmasına təsir edən amilləri təhlil edib. Ölkəmizə qarşı bu amansızlığı törədənlər beynəlxalq hüquq normaları çərçivəsində cəzalarını almadığı müddətdə Azərbaycanın qətiyyətli mövqeyindən dönməyəcəyi vurğulanıb.

Filmi yüksək qiymətləndirən səfir onun münaqişə haqqında ətraflı məlumat almaq istəyənlər üçün əhəmiyyətli ekran əsəri olduğunu bildirib.

Sonra “Sonsuz dəhliz” filmi nümayiş etdirilib. Nümayişdən sonra filmin prodüseri Aleksandras Brokas iştirakçıların suallarını cavablandırıb.

2015-ci ildə beynəlxalq səviyyədə uğurla keçən premyerasından sonra “Sonsuz dəhliz” filmi bütün dünyada kino tənqidçiləri tərəfindən rəğbətlə qarşılanıb. Bu film Madrid şəhərində keçirilən “Tenerife” Beynəlxalq Film Festivalında “Ən yaxşı sənədli film” və “Sənədli filmin ən yaxşı rejissoru” mükafatlarına, Milan Beynəlxalq Kinematoqrafçılar Festivalında “Sənədli filmin ən yaxşı montajı” mükafatına, eləcə də ABŞ-da keçirilən Akkolade Qlobal Film Müsabiqəsində iki mükafata – 2015-ci ilin may ayında “Ən yaxşı tamaşa” və 2016-cı ilin yanvar ayında “Humanitar” mükafata layiq görülüb.

Film “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Türkiyənin “Kanal 24”, “CNN Türk” kanallarında, Albaniyanın Milli Televiziyasında, İsrailin “Channel 1” və “Eurochannel” televiziya kanallarında nümayiş etdirilib.