Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
24 Fevral 2017

İspaniyanın Barselona şəhərində Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar "Justicia para Khojaly" adlı tədbir həyata keçirilib.

Azərbaycanın İspaniyadakı səfirliyinin dəstəyi və Barselonada fəaliyyət göstərən "Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin təşkilatçılığı ilə keçirilən tədbirdə FC Barcelona'nın və Neymar, Messinin hüquqşünaslarından Cristóbal Martell, FC Barcelona İdarə heyəti üzvü Joan Manuel Trayter, Kataloniyaya akkreditə olunmuş konsulluq korpusunun sədri Franca Lorella, Kataloniya Ali Məhkəməsinin baş prokuroru José Maria Romero de Tejada, Barselona vilayət məhkəməsinin sədri Antonio Recio Córdoba həmçinin, Azərbaycanın Madriddəki konsulu Adil Şükürov, Türkiyənin Barselonadakı konsulu Cihan Geleri və Kataloniyada fəaliyyət göstərən digər bir sıra diplomatik korpusun rəhbərləri və yerli kütləvi-informasiya vasitələri iştirak edib.

Xocalı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq 1 dəqiqəlik sükutla başlayan tədbirdə əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya Ədalət!” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən "Barselonadakı Azərbaycanlılar Cəmiyyəti"nin sədri Kərim Kərimov Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən biri olan Xocalı faciəsinin təkcə azərbaycanlılara deyil, əslində bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu, ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini və BMT-nin əsas prinsip və normalarının, insan hüquqlarının kobudcasına pozulduğunu bildirib. Çıxışının sonunda Barselona şəhərinin dünyanın ən humanist, tolerant və multikulturalist şəhərlərindən biri olduğunu qeyd edərək eyni humanizm prinsipləri çərçivəsində Xocalı faciəsinə yanaşılmasının vacibliyini qeyd edib.

Barselona Futbol Klubunun türkiyəli oyunçusu olan Arda Turan müəyyən səbəblərdən tədbirə qatıla bilməsə də tədbirə göndərmiş olduğu qısa video ilə şəhid olan azərbaycanlı bacı və qardaşlarını unutmadığını, hər zaman bütün sevgisi ilə Azərbaycanın yanında olduğunu bildirib.

Digər çıxışlardan sonra tədbir moderatoru Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filmi haqqında iştirakçıları qısa məlumatlandırıb. Daha sonra isə həmin filmin nümayişi ilə tədbir davam etdirilib. Filmin nümayişindən sonra tədbir iştirakçıları tərəfindən verilmiş müsahibələrdə filmin onlarda böyük təəssürat yaratdığı bildirilib, dinc Xocalı sakinlərinə qarşı erməni vəhşiləri tərəfindən törədilmiş soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsinin, onu törədənlərin isə öz layiqli cəzalarını çəkməsinin vacibliyi qeyd edilib.

Qeyd edək ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə əməkdaşlıq çərçivəsində təqdim olunan “Sonsuz dəhliz” sənədli filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin və rusiyalı jurnalist Viktoriya İvlevanın faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Burada Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.