Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Fevralın 26-da Belçikada Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Vaterlo şəhərində Azərbaycanın görkəmli şairi Xurşidbanu Natavanın abidəsi önündə təşkil edilən tədbirdə Azərbaycanın Belçikadakı səfirliyinin və NATO yanında nümayəndəliyinin əməkdaşları, Azərbaycan-Belçika Dostluq Cəmiyyətinin və bu ölkədə yaşayan Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.

Tədbirdə çıxış edən Azərbaycanın NATO yanında nümayəndəliyinin rəhbəri səfir Xəzər İbrahim fevralın 26-nın Azərbaycan tarixinə qara hərflərlə yazıldığını və 24 il əvvəl şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib, habelə bu anım tədbirinin Qarabağ şahzadəsi Xurşidbanu Natavanın abidəsi önündə qeyd olunmasının rəmzi məna kəsb etdiyini diqqətə çatdırıb.

Daha sonra çıxış edən Azərbaycan diasporunun nümayəndəsi Xəqani Qayıblı xalqımızın Xocalı soyqırımını heç vaxt unutmayacağını, Xurşidbanu Natavanın həyatında və yaradıcılığında özünü qabarıq göstərən kədər və nisgil duyğularının bu gün anılan faciə ilə bağlı keçirdiyimiz hisslərlə uyğunluq təşkil etdiyini söyləyib.

Sonda tədbir iştirakçıları abidənin önünə əklil və gül dəstələri qoyublar.