Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Rumıniya və Sudanın qanunverici orqanları, həmçinin Amerika Birləşmiş Ştatlarının ondan çox ştatları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.

8 dekabr 2011-ci il tarixli qətnaməsində Meksika Senatı 1992-ci il 26 fevral tarixində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin Azərbaycanın Dağlıq Qarabağ regionunun Xocalı şəhərində mülki əhaliyə hücum etdiyini və bir çox müstəqil mənbələrdə tam olaraq sənədləşdirildiyi kimi yüzlərlə adamı qətlə yetirərək soyqırım törətdiyini qeyd edir.        

1 fevral 2012-c ildə Pakistan Senatının Xarici əlaqələr komitəsi tərəfindən qəbul edilmiş qətnamədə Azərbaycan ərazilərinin işğalı və Azərbaycanın Xocalı şəhərində Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırım yekdilliklə qınanır.

22 aprel 2012-ci il tarixində Kolumbiya Respublikasının Senatı Azərbaycan ərazilərinin işğalına dair sənəd qəbul etmişdir. Bu sənəd 1992-ci ildə Xocalıda baş verən hadisələri soyqırım kimi qiymətləndirir, Ermənistanın Azərbaycan torpaqlarının işğal etməsini pisləyir və Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə dəstəyi ifadə edir. 

7 avqust 2013-cü ildə Panama Respublikasının Milli Assambleyası “Ermənistan qüvvələri tərəfindən Azərbaycan ərazisinin işğalı üzrə” qətnamə qəbul etmişdir. Assambleya Ermənistan tərəfindən Azərbaycan ərazilərinin işğalını və münaqişə, xüsusən də 1992-ci ildə Xocalı soyqırımı zamanı azərbaycanlıların hüquqlarının pozulmasını ciddi şəkildə pisləyir. Bundan əlavə, bu qətnamə Ermənistanı BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrinə əməl etməyə çağırır.     

1 sentyabr 2014-cü ildə Sudan Milli Assambleyasının Xarici əlaqələr komitəsi “Xocalı qırğını üzrə bəyanat” qəbul etdi. Bəyanatda İslam Əməkdaşlıq Təşkilatının 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İslam Zirvə Konfransının Yekun Kommünikesi xatırlanaraq, Xocalıda törədilmiş kütləvi qırğınlar soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanınır, Ermənistanın Azərbaycana qarşı təcavüzü pislənir, Azərbaycanın ərazi bütövlüyünə dəstək ifadə olunur və Ermənistan öz silahlı qüvvələrini işğal olunmuş ərazilərdən dərhal, tam və qeyd-şərtsiz olaraq çıxarmağa çağırılır.

Amerika Birləşmiş Ştatlarının ondan çox ştatının, o cümlədən Arkanzas (08.02.2013), Konnektikut (16.04.2013), Corciya (24.02.2012), İndiana (03.03.2014), Men (13.03.2012), Massaçusets (25.02.2010), Nyu-Cersi (25.02.2012), Nyu-Meksiko (28.01.2013), Oklahoma (20.02.2013), Pensilvaniya (20.03.2013 və 02.03.2015), Tennessi (19.03.2013), Texas (03.03.2011) and Uest Virciniyanın (03.04.2013) Nümayəndələr Palatası Xocalı soyqırımını tanıyan və xatırlayan müvafiq sənədlər qəbul etmişdir. Bu sənədlərdə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazilərinin işğalı və Xocalıda 600-dən çox dinc sakinin öldürülməsi pislənir və qurbanların xatirələri yad olunur. Corciya ştatının Nümayəndələr Palatasının 1594 saylı qətnaməsində Amerika qanunvericiləri tərəfindən qəbul olunan sənədlərdə ilk dəfə olaraq Xocalıda törədilən qırğına görə Serj Sarkisyanın adı qeyd olunmuşdur.      

20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırım kimi tanıyan qətnamə qəbul edilmişdir.

2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar.

Bu cür tanınmalar cinayəti törədənlərə cəzasızlığın çox sürə bilməyəcəyi və gec-tez ədalətin zəfər qazanacağı barədə siyasi müraciətin ünvanlanması üçün vacibdir. Bundan başqa, bu cür siyasi qərarlar regionda sülh və barışığın bərqərar olunmasına və bu cür cinayətlərin təkrar törədilməsinin qarşısının alınmasına töhfə verir.