26 Fevral 2018

26 fevral 1992-ci il faciəvi tarixindən - Azərbaycanın Xocalı şəhərinin yüzlərlə sakininin erməni silahlı birləşmələri tərəfindən şəhərə hücumu nəticəsində öldürüldüyü və ya itkin düşdüyü tarixdən dörddəbir əsrdən çox müddət ötür. Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev müsahibəsində bütün dünya üçün Xocalı faciəsini unutmamağın nə dərəcədə vacib olduğu barədə danışıb.

-Dmitri İvanoviç, sizin fikrinizcə Xocalı faciəsi soyqırımı aktıdırmı?

-Şübhəsiz. Mənim fikrimcə, Xocalının dinc sakinlərinə tutulan divan XX əsrin qorxulu faciələri sayılan Xatın, Xirosima, Gernika və ya Sonqmi hadisələri ilə bir sıradadır. Hazırda fakt olaraq sübut edilib ki, Dağlıq Qarabağ münaqişəsinin gedişində Xocalının azərbaycanlılardan və mesheti türklərindən etnik təmizlənməsi planlaşdırılmış akt idi. Soyqırımının statistikası dəhşət doğurur: 613 nəfər qətlə yetirilib, 487 nəfər şikəst olub, 150 nəfər itkin düşüb. Onların sırasında qadınlar, uşaqlar, qocalar var. Bu, adi bir şey deyil, insanlığa qarşı qəsdən törədilən cinayətdir. Lakin Xocalı soyqırımının səbəbkarları hələ də məsuliyyətə cəlb olunmayıblar, beynəlxalq təşkilatlar isə bu məsələdə ikili standartlar siyasəti nümayiş etdirirlər.

-Əgər cəzasızlıq regionda sülhün bərqərar edilməsinə və ədalətin bərpasına mane olursa, bu vəziyyətdə nə etmək lazımdır?

-Məncə, bu vəziyyətdə Azərbaycan məhz indiki kimi hərəkət etməli, yəni Avropa ölkələrinin ictimai-siyasi həyatında fəaliyyətini məqsədyönlü şəkildə aktivləşdirməlidir. Məsələn, Finlandiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun tədbirində Finlandiya parlamentinə təqdim olunan müraciətdə Xocalı faciəsinə hüquqi qiymət verilməsi xahiş olunurdu. Azərbaycan səfirliyinin köməkliyi ilə Almaniya Bundestaqında təşkil olunan simpoziumda isə iştirakçılara Xocalı soyqırımı barədə geniş məlumat təqdim olunmuşdu. Məsəl var, deyərlər “damcı daşı dələr”. Bu səylər gec-tez öz səmərəsini verəcək, beynəlxalq ictimaiyyəti Azərbaycan xalqına qarşı törədilən cinayətkar əməlləri bütün dünyada pisləməyə və cinayəti törədənlərin beynəlxalq mühakiməsinə nail olmağa səfərbər edəcək.

-Xocalı faciəsinə münasibətdə ikili standartlar siyasətini dəyişmək mümkündürmü?

-Hazırda artıq bütün dünyada bu proses baş verir. Getdikcə daha çox ölkə Xocalıda baş verən hadisələri soyqırımı kimi tanıyır və səbəbkarları pisləyir. İki ay bundan əvvəl Paraqvayın Milli Konqresi belə bəyanat qəbul edib. İslam Əməkdaşlıq Təşkilatının parlament ittifaqının yanvar ayında Tehranda keçirilən XIII sessiyasında iştirakçı ölkələr Azərbaycana qarşı törədilən hərbi təcavüzü qəti şəkildə pislədilər. Axı Xocalı qətliamı bütün türk dünyasının faciəsidir. Türkiyənin Bursa bələdiyyəsi Xocalı parkının salınmasına başlayır, Sakarya əyalətində Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidənin açılışı olub. Azərbaycanın siyasəti tarixi ədalətin bərpasına yönəldilib. Ona görə də dünyanın siyasi səhnə arxasında bu cür səylərə məhəl qoyulmaması mümkün deyil.

-Sizin fikrinizcə, dünya tarixində Xocalı soyqırımına bənzər hadisələrin bir daha təkrarlanmaması üçün nə etmək vacibdir?

-Məncə, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə aparılan “Xocalıya ədalət!” kampaniyası yüksək səmərəlilik nümayiş etdirir. Təkcə son vaxtlarda Qırğızıstanda və Çexiyada Xocalı faciəsinə həsr edilmiş bir neçə kitab nəşr olunub. Rus dilində nəşr olunan “İrs-Naslediye” Azərbaycan beynəlxalq jurnalının növbəti nömrəsində azərbaycanlıların soyqırımı mövzusuna həsr edilmiş çoxlu məqalə dərc olunub.

Azərbaycan Dağ Yəhudiləri İcmasının başçısı Milix Yevdayevin bu yaxınlarda oxuduğum məqaləsi məni heyrətə gətirdi. M. Yevdayev həmin məqalədə vaxtilə xeyli sayda yəhudini ölümdən xilas etmiş azərbaycanlı Şahhüseyn Usubov barədə danışır. İkinci Dünya müharibəsi zamanı faşistlərə əsir düşən Usubov Osvensimə göndərilir. Əsir düşərgəsinə çatdırıldığı gün o, yəhudilərin məhv edilməsi üçün seçilmələrinin şahidi olur. Usubov başa düşür ki, nasistlər yəhudiləri müsəlmanlardan ayırmaq üçün onlardan Quranın kəlmələrini deməyi tələb edirlər. Seçim davam etdikcə, Şahhüseyn mümkün qədər çox yəhudinin həyatını xilas etmək məqsədilə onlara Qurandan kəlmələr öyrədir. Nəticədə, bu əməlinə görə düşmən Şahhüseyni döyüb ölümcül hala salır. Lakin ən dəhşətlisi odur ki, onilliklər sonra, əmin-amanlıq dövründə - Xocalı qətliamı zamanı Usubovlar nəslinin 25 üzvü vəhşicəsinə öldürülüb və onların ölümündə təqsirkar olanlar mərhəmət barədə düşünməyiblər.

Mən sağalmaz yara olan Xocalı barədə bütün dünyaya daim xatırlatmağı çox vacib hesab edirəm. Axı Yer kürəsinin hər bir sakini fikirləşməlidir ki, buna bənzər faciə onun evinə gələ bilər. Ona görə də hər kəs hər hansı soyqırımı aktının qarşısını almağa və yol verməməyə çalışmalıdır.