01 mart 2016

“Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Fransa Milli Assambleyasında Azərbaycanın Dostları Assosiasiyasının təşkilatçılığı ilə “Xocalı – qırğın haqqında həqiqət” mövzusunda konfrans-debat keçirilib.

Assosiasiyanın sədri, Fransa Milli Assambleyasının deputatı Jan-Fransua Manselin moderatorluq etdiyi konfransın məruzəçiləri Azərbaycan Milli Məclisinin deputatı Cavanşir Feyziyev, münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode və tarixçi alim Maksim Quen olub.

Konfrans Heydər Əliyev Fondunun hazırladığı “Xocalı soyqırımı” sənədli filminin nümayişi ilə başlayıb.

Jan-Fransua Mansel qeyd edib ki, Azərbaycan xalqının ən ağrılı dərdi olan Xocalı faciəsinin ildönümünə həsr edilən tədbirlərin keçirilməsindən məqsəd Azərbaycan reallıqlarını Fransa ictimaiyyətinə çatdırmaqdır. Bugünkü konfransda da bu kütləvi qırğın haqqında ictimaiyyətə ətraflı məlumat veriləcək.

Cavanşir Feyziyev çıxışında Xocalı həqiqətləri ilə bağlı faktları konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, erməni silahlılarının 1992-ci il fevralın 26-na keçən gecə Azərbaycanın Xocalı şəhərini işğal etməsindən, erməni millətçilərinin Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasətindən danışıb. Xocalıda dəhşətli cinayət törədildiyini vurğulayan deputat bu faciə ilə bağlı Ermənistan prezidenti Serj Sarkisyanın söylədiyi fikirləri xatırladıb: “Azərbaycanlılar elə bilirdilər ki, biz zarafat edirik və heç vaxt mülki əhaliyə əl qaldırmarıq. Amma Xocalıdakı əməliyyatdan sonra başa düşdülər ki, biz kifayət qədər ciddiyik”.

Maksim Quen Ermənistanın ASALA terror təşkilatının həyata keçirdiyi amansız qətllərdən, qanlı cinayətlərdən söz açıb. O, ermənilərin daim insanları qətlə yetirməsinə, onlara işgəncə verməsinə baxmayaraq, özlərini qurban kimi qələmə verdiklərini bildirib. Tarixçi alim ASALA-nın müxtəlif ölkələrdə törətdiyi terror aktlarından danışıb və bu terror aktlarının erməni lobbisi tərəfindən ört-basdır edildiyini bildirib. Parisdəki Orli beynəlxalq aeroportunda törədilən terror aktının qurbanlarının sayının göstərildiyindən də çox olmasına baxmayaraq, bu günədək onların xatirəsinə heç bir xatirə lövhəsi qoyulmadığı bildirilib və bu terror aktının, eləcə də Xocalı soyqırımının lazımi səviyyədə qiymətləndirilməməsinin səbəblərinin eyni olduğu vurğulanıb. O, ASALA təşkilatının Azərbaycan və türk xalqlarına qarşı törətdikləri kütləvi qırğınlardan da söhbət açıb.

Münaqişə zonalarında geosiyasət üzrə ekspert Didye Şode Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun nəticələri haqqında məlumat verib. Münaqişə nəticəsində Azərbaycan ərazisinin beşdə bir hissəsinin işğal olunduğunu, 800 mindən çox insanın Dağlıq Qarabağ və zəbt edilmiş ətraf rayonlardan, 250 min azərbaycanlının isə Ermənistandakı öz doğma yurdlarından didərgin düşdüyünü bildirib. O, Azərbaycan hökumətinin 1 milyondan çox qaçqın və məcburi köçkünün yerləşdirilməsi ilə bağlı üzləşdiyi çətinliklərdən də danışıb. Ekspert Azərbaycanın regionda güclü orduya malik olmasına baxmayaraq, hələ də səbirlə münaqişənin sülh yolu ilə həllinə çalışdığını söyləyib.

D.Şode Azərbaycanın geosiyasi mövqeyini yüksək qiymətləndirərək, onun Avropanın enerji mənbələrinin şaxələndirilməsindəki rolundan bəhs edib. Ölkəmizin təkcə öz enerji ehtiyatlarını deyil, eyni zamanda, Türkmənistan və İranın enerji resurslarının da Avropaya çıxışında roluna və regionun stabilliyinin təminində əhəmiyyətinə toxunaraq, böyük dövlətlərin münaqişəyə ikili standartlarla yanaşdığını bildirib. O, status-kvonun qəbuledilməzliyini vurğulayıb.

Məruzələrdən sonra müzakirələr zamanı çıxış edən senator Natali Qule Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində ATƏT-in Minsk qrupunun təkcə həmsədr dövlətlərinin yox, digər üzv ölkələrinin də məsələyə münasibətinin vacib olduğunu qeyd edib.

Azərbaycanın Fransadakı səfiri Elçin Əmirbəyov fevralın 26-nın Azərbaycan xalqı üçün həm matəm, həm də ümid günü olduğunu bildirib. O deyib ki, bu gün Xocalı qurbanlarının anım günü, eləcə də həmrəylik günüdür.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi regionda ədalətin bərqərar olunması və fransız ictimaiyyətinin faciə ilə bağlı müfəssəl məlumatlandırılmasıdır. Faciə ilə bağlı cəzasızlıq Ermənistana müttəfiqlərinin köməyi ilə etnik təmizləmə aparmaqda və Azərbaycan ərazisinin beşdə bir hissəsini işğal etməkdə davam etməsinə imkan verib. Azərbaycan əhalisinin hər 8 nəfərindən biri qaçqın və ya məcburi köçkünə çevrilib.

Səfir Ermənistanın qeyri-konstruktiv və təcavüzkar mövqeyi ilə danışıqlar prosesini pozduğunu, vasitəçilərin təkliflərinin heç birini qəbul etmədiyini diqqətə çatdırıb. O, beynəlxalq ictimaiyyətin Xocalı faciəsi ilə bağlı ciddi təzyiqləri olmadıqca bu vəziyyətin belə davam edəcəyini və Cənubi Qafqaz regionunda təhlükəsizliyi və stabilliyi pozacağını bildirib.

Diplomat deyib ki, Xocalı bütün dünyada eşidilməli olan bir haraydır. Ermənistanı Azərbaycan ərazilərini işğal etməsinə son qoymağa, bir milyondan çox qaçqın və köçkün azərbaycanlının insan hüquqlarına riayət etməyə məcbur etmək lazımdır. Azərbaycan bir qarış torpağını da güzəştə getməyəcək. Bu gün Azərbaycan münaqişənin sülh yolu ilə həlli istiqamətindəki öhdəliklərinə sadiq qalsa da, status-kvo nəinki qəbuledilməz, həm də dözülməzdir. Avropada dəyərlərdən, insan hüquqlarından danışılır. Əgər bir neçə jurnalistin hüququndan danışırıqsa, nəyə görə öz doğma torpaqlarından didərgin salınmış bir milyon dinc əhalinin hüquqlarından danışa bilmərik?

Türkiyənin Fransadakı səfiri Hakki Akıl Xocalı soyqırımı zamanı Parisdə olduğunu və bu faciənin fransız mətbuatında yetərincə işıqlandırılmadığını qeyd edib. O, Fransa mətbuatının bu məsələyə daha çox diqqət ayırmasının vacibliyini vurğulayıb.