Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
24 Fevral 2016

Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonundakı “Çay evi” tədris mərkəzində “Xocalı harayı” kitabının təqdimatı keçirilib.

Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzinin gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva tədbiri açdıqdan sonra Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

N.Əliyeva deyib ki, Azərbaycanın Gürcüstandakı səfirliyi və Azərbaycanlıların Mədəniyyət Mərkəzi Heydər Əliyev Mərkəzinin vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası çərçivəsində silsilə tədbirlər keçirir. Gürcüstan Azərbaycanlı Jurnalistlər Birliyinin sədri, Azərbaycan Yazıçılar Birliyinin üzvü, şair-jurnalist Nizami Məmmədzadənin Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr etdiyi “Xocalı harayı” kitabının təqdimatının keçirilməsi də bu tədbirlərdən biridir.

Azərbaycanın Gürcüstandakı səfirinin birinci müavini Dursun Həsənov çıxışında qeyd edib ki, bu kitab gənc nəslin Xocalı faciəsi ilə bağlı məlumatlandırılmasında faydalıdır. Bu gün hər bir vətənpərvər insan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində ermənilərin azərbaycanlılara qarşı törətdikləri vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılmasında öz sözünü deməlidir. Diplomat bu cür kitabların, yazılı materialların daha da çoxaldılmasının və onların başqa dillərə də tərcümə olunmasının vacibliyini vurğulayıb.

Yazıçı Əli Abbas, din xadimi Mirağa Mustafayev, “Radio Marneuli” radiosunun əməkdaşı Şura Qabulova və başqaları çıxış edərək erməni silahlı bölmələrinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə törətdiyi Xocalı soyqırımı və digər dəhşətlərdən söhbət açıblar.

Müəllif N.Məmmədzadə çıxışında “Xocalı harayı” kitabının gürcü dilinə tərcümə olunacağını bildirib. O deyib ki, hər bir azərbaycanlı digər millətlərin nümayəndələri ilə söhbətlərdə Xocalı soyqırımı, erməni cəlladlarının Azərbaycanda və Gürcüstanda törətdikləri vəhşiliklər barədə danışmalı, hamını maarifləndirməlidir.

Kitabda şairin vətənpərvərlik mövzusunda qələmə aldığı “Yurd həsrəti” hekayəsi, Xocalıya aid “Kədərli bir gün” və digər şeirləri yer alıb.