27 Fevral 2017

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Xocalı soyqırımında hər iki valideynini itirmiş uşaqlardan 16-nın Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində hökumət tərəfindən verilən mənzilləri əsaslı təmir olunub, mebel və məişət texnikaları ilə təmin edilib.

Təmir olunmuş mənzillərin birində “Xocalıya ədalət” beynəlxalq kampaniyasının nümayəndələri və Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradovun iştirakı ilə görüş keçirilib. Görüşdə faciə qurbanlarının və həmin hadisələr zamanı itkin düşmüş şəxslərin xatirəsi yad edilib.

Soyqırımı nəticəsində yurd-yuvalarını və yaxınlarını itirmiş Xocalı sakinləri onların problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə Leyla Əliyevaya təşəkkürlərini bildiriblər. Xocalı faciəsi zamanı hər iki valideynini itirmiş, Milli Qəhrəman Tofiq Hüseynovun qızı Əfsanə Ələkbərova bu faciənin dünya miqyasında tanıdılması və soyqırımı qurbanlarının xatirəsinin yaşadılması baxımından “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətindən danışıb.

Xatırladaq ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri soyqırımı zamanı 613 nəfər qətlə yetirilib, 487 nəfər yaralanıb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq isə hər iki valideynini itirib.

2008-ci ildə təsis olunmuş “Xocalıya ədalət” beynəlxalq kampaniyası Xocalı soyqırımı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəbləri və nəticələri, həmçinin Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionu və digər ərazilərindən qeyd-şərtsiz və dərhal çıxarılmasının zəruriliyi ilə bağlı maarifləndirmənin artırılması məqsədi daşıyır.

Kampaniyanın fəaliyyəti, həmçinin Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi, bu hadisələrin yaddaşlarda yaşadılmasına, xüsusilə də gənc nəsil tərəfindən unudulmamasına yönəlib.