Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
24 Fevral 2016

Anadolu Aydınlar Ocağı və İstanbuldakı Azərbaycan Mədəniyyət Evinin birgə təşkilatçılığı ilə İstanbulda Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar daha bir anma mərasimi keçirilib.

Toplantıda şəhər ictimaiyyətinin nümayəndələri, KİV və QHT təmsilçiləri iştirak ediblər.

Əvvəlcə iştirakçılar Xocalı soyqırımını əks etdirən orijinal fotolardan ibarət sərgi ilə tanış olublar.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra Xocalı şəhidlərinin, o cümlədən torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Toplantını giriş sözü ilə açan Azərbaycan Mədəniyyət Evinin sədri Hikmet Elp Xocalı soyqırımının dəhşətləri barədə məlumat verib.

Sonra Anadolu Aydınlar Ocağının sədri, professor İbrahim Öztek və Timsal Qarabəkirin məruzələri dinlənilib.

Son iki yüz ildə Azərbaycanda və Türkiyədə ermənilərin törətdikləri faciələrdən bəhs edən İ.Öztek Xocalı soyqırımını erməni vəhşiliyinin ən pik nöqtəsi kimi dəyərləndirib. Ermənilərin Azərbaycanda və Türkiyədə törətdikləri cinayətlər barədə geniş məlumat verib.

Atası, görkəmli dövlət xadimi, ordu komandanı Kazım Qarabəkir Paşanın keçdiyi şərəfli ömür yolu barədə ətraflı məlumat verən T.Qarabəkir diqqətə çatdırıb ki, Osmanlı dövlətini çökdürmək istəyən döyük güclər erməni din xadimlərindən və millətçi qüvvələrindən Türkiyə və Azərbaycana qarşı xəyanətkar qüvvə kimi istifadə ediblər. Erməni silahlıları Xocalı soyqırımının bənzərlərini XX əsrin əvvəllərində Naxçıvanda, Ərzurumda və digər yerlərdə həyata keçiriblər.

Tədbirin təşkilatçılarına və məruzəçilərə minnətdarlığını bildirən Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Kənan Murtuzov Xocalı soyqırımının səbəb və nəticələrinin dünya ictimaiyyətinə, o cümlədən Türkiyə xalqına çatdırılmasının əhəmiyyətindən bəhs edib.