Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
24 Fevral 2017

Lüksemburqda “Le Royal” otelində Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Benilüks ofisi tərəfindən “Xocalıya ədalət!” beynəlxalq təbliğat kampaniyası çərçivəsində Xocalı qətliamının qurbanları yad edilib.

Tədbirdə Azərbaycan, Almaniya, Rusiya və Fransa bəstəkarlarının müxtəlif klassik və müasir əsərləri pianoçu Nəzrin Əfəndiyeva tərəfindən Astrid Gallez (fleyta) və Mari-Karmen Suarezin (skripka) müşayiəti ilə ifa olunub.

130 siyasətçi, diplomat, tələbə və mətbuat nümayəndələrindən ibarət auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin Benilüks ofisinin direktoru Mark Vervilghen bildirib: “TEAS bu tədbirləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində təşkil edir. Xocalı qətliamı 1992-ci ildə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən dəhşətli vəhşiliyi kimi tarixə düşüb, soyqırımı zamanı 613 azərbaycanlı mülki şəxs öldürülüb. Həlak olanlar arasında 106 qadın, 63 uşaq və 70 qoca insan da var. Bu vəhşiliyi törətmiş ermənilərin kimliyi hamıya məlumdur və onlar cinayət məsuliyyətinə cəlb olunmalıdır. Biz inanırıq ki, bu hadisələri törədənlərə qarşı məhkəmə işi uğurlu ola bilər. Hətta Haaqa Beynəlxalq Cinayət Məhkəməsi qarşısında belə. Azərbaycanlı qaçqın və məcburi köçkünlər hələ də ölkənin müxtəlif yerlərində yerləşən düşərgələrdə yaşayırlar. 10 milyona yaxın əhalisi olan xalq üçün bu rəqəm dünyada adambaşına hesablanan ən yüksək dərəcələrdən biridir”.

Azərbaycan Respublikasının Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğundakı səfiri Fuad İsgəndərov 1992-ci ilin fevral ayında Xocalıda baş vermiş qətliamın bəşəriyyətə qarşı vəhşilik olduğunu xatırladaraq deyib: “Azərbaycan öz tolerantlığı, zəngin mədəni irsi və Avropa dəyərləri ilə məşhurdur. Məmnunluqla demək istəyirəm ki, əhalisinin böyük hissəsinin müsəlman olduğu halda qadınlara seçki hüququ verən ilk ölkə olan Azərbaycan Demokratik Respublikası artıq 1918-ci ildə ümumbəşəri seçki hüququnu Azərbaycanda tətbiq edib”.