Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
22 Fevral 2017

İspaniyanın paytaxtı Madriddə Xocalı Soyqırımının 25-ci ildönümü ilə əlaqədar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyası çərçivəsində litvalı rejissor Andreas Brokasın Xocalı qətliamının qurbanlarına ithaf olunan və bir çox beynəlxalq mükafatlara layiq görülmüş “Sonsuz dəhliz” sənədli filminin təqdimatı keçirilib.

Ölkəmizin İspaniyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilən təqdimat mərasimində İspaniyada fəaliyyət göstərən diplomatik korpusun rəhbərləri və əməkdaşları, dövlət rəsmiləri, Konqres və Senatın üzvləri, yerli kütləvi-informasiya vasitələrinin, ictimaiyyətin, İspaniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər. Əvvəlcə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Xocalıya Ədalət!” adlı videoçarx nümayiş etdirilib.

Tədbirdə çıxış edən Azərbaycanın İspaniyadakı səfiri Anar Məhərrəmov, Xocalı soyqırımı barədə iştirakçılara ətraflı məlumat verib, bu faciənin təkcə azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş ağır cinayət olduğunu və ermənilər tərəfindən bir gecədə 613 günahsız insanın amansızlıqla qətlə yetirildiyini bildirib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində nümayiş olunan və Xocalı faciəsini əks etdirən “Sonsuz Dəhliz” sənədli filmindən söz açan səfir A.Məhərrəmov filmin Xocalı hadisələrinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin və rusiyalı jurnalist Viktoriya İvlevanın xatirələri əsasında çəkildiyini bildirib. Sənədli filmin adının təsadüfi seçilmədiyini və sonsuz dəhlizin erməni terrorçularının guya dinc əhalinin Xocalıdan çıxması üçün açdığı yolu simvolizə etdirdiyini bildirən səfir A.Məhərrəmov erməni silahlı qüvvələrinin məhz bu dəhlizlə xilas olmağa çalışan silahsız Xocalı sakinlərini pusquya salaraq XX əsrin ən böyük cinayətlərindən birini törətdiyini qeyd edib. Xalqımıza qarşı aparılan etnik təmizləmə siyasəti olan Xocalı faciəsinin törədilməsindən 25 il keçməsinə baxmayaraq, faciə dəhşətlərinin hələ də unudulmadığını qeyd edən səfir Azərbaycan xalqının öz torpaqlarının işğalı ilə heç zaman barışmayacağını və işğal altında olan bütün torpaqların tezliklə azad ediləcəyini vurğulayıb.

Daha sonra çıxış edən Türkiyənin İspaniyadakı səfiri Ömər Önhon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələri barədə danışıb, Azərbaycanın torpaqlarının 20 faizinin işğal edildiyini, bir milyondan çox insanın doğma yurdlarından didərgin düşdüyünü qeyd edib. Ö.Önhon 25 il əvvəl dünya birliyinin gözü qarşısında erməni millətçiləri tərəfindən bəşəriyyətə qarşı cinayət törədildiyini bildirib, beynəlxalq ictimaiyyət tərəfindən bu qətliama siyasi-hüquqi qiymətin verilməsinin və cinayətkarların cəzalandırılmasının vacibliyini vurğulayıb.

Daha sonra çıxış edən İspaniya Senatının üzvü Jordi Çukla Xocalı faciəsini XX əsrin ən dəhşətli və ən qəddarcasına törədilmiş faciələrindən biri olduğunu qeyd edib, BMT-nin əsas prinsip və normalarının, insan hüquqlarının kobudcasına pozulduğunu bildirib. İspaniyanın yalnız Xocalı soyqırımını deyil, dünyada baş verən bütün qırğınları və insanlığa qarşı törədilmiş təcavüzləri hər zaman pislədiyini vurğulayan senator, Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarının tezliklə azad olunacağına və Xocalı soyqırımının növbəti ildönümünə həsr olunacaq anım tədbirinin Dağlıq Qarabağda – Xocalıda keçiriləcəyinə ümidvar olduğunu bildirib.

ATƏT-in Parlament Assambleyasının insan hüquqları, demokratiya və humanitar yardım komissiyasının keçmiş prezidenti, İspaniyanın dövlət vəkili, akademik Xesus Lopes Medel çıxış edərək Xocalıda dinc sakinlərin, xüsusən də uşaqların xüsusi qəddarlıqla qətlə yetirilməsinin, insanlara qarşı işgəncələrin verilməsi faktlarının onu kədərləndirdiyini qeyd edib. O, Xocalıda törədilənləri insanlığa sığmayan vəhşilik adlandırıb və bu hadisələrə dünya birliyi tərəfindən hüquqi qiymət veriləcəyinə ümid etdiyini vurğulayıb. X.L.Medel Azərbaycan torpaqlarının 20 faizinin erməni silahlı qüvvələri tərəfindən işğal edildiyini, işğalın 3 onilliyə yaxındır davam etməsinə baxmayaraq, beynəlxalq qurumların bu məsələyə lazımi diqqət və ədalətli münasibət göstərmədiyini təəssüflə vurğulayıb.

Daha sonra “Sonsuz dəhliz” sənədli filmi nümayiş etdirilib. Filmin nümayişindən sonra tədbir iştirakçıları tərəfindən verilmiş müsahibələrdə filmin onlarda böyük təəssürat yaratdığı bildirilib, dinc Xocalı sakinlərinə qarşı erməni vəhşiləri tərəfindən törədilmiş soyqırımın beynəlxalq ictimaiyyət tərəfindən pislənilməsinin, onu törədənlərin isə öz layiqli cəzalarını çəkməsinin vacibliyi qeyd edilib.

Qeyd edilməlidir ki, Avropa Azərbaycan Cəmiyyəti (TEAS) ilə əməkdaşlıq çərçivəsində təqdim olunan “Sonsuz dəhliz” sənədli filmi prodüser Aleksandras Brokas (Litva) və nüfuzlu “Grammy Award” mükafatçısı Cerald Rafşun (ABŞ) tərəfindən çəkilib. Film britaniyalı aktyor, BAFTA mükafatçısı Ceremi Ayronz tərəfindən səsləndirilib. Film Xocalı dəhşətlərinin şahidi olan litvalı jurnalist Riçard Lapaitisin və rusiyalı jurnalist Viktoriya İvlevanın faciədən 20 il sonra yenidən Azərbaycana gələrək qətliamdan xilas olmuş hadisə şahidləri ilə görüşlərində lentə alınmış xatirələri və Ermənistan tərəfindən faciənin təşkilində birbaşa iştirak etmiş şəxslərlə müsahibəsi əsasında qurulub. Burada Qarabağın Azərbaycan tarixi və mədəniyyəti üçün əhəmiyyətinə dair süjetlərə yer verilib. Filmdə Xocalı qırğınına dair indiyədək az məlum olan yeni faktlar, sənədlər və vaxtilə çəkilmiş videogörüntülər və fotomateriallara istinad edilir, qətliam haqqında həqiqətlər təsirli şəkildə tamaşaçıya çatdırılır.