The Washington Times, 3 mart 1992-ci il

Brian Killen, Ağdam, Azərbaycan

Dünən Dağlıq Qarabağın döyüş zonasında ətrafa səpələnmiş onlarla insan cəsədi mübahisəli ərazidə 4 il ərzindəki döyüşlər zamanı törədilmiş ən dəhşətli qətliamın sübutu idi.

Təxminən doqquz mil məsafədəki hadisə yerindən şəhərə qayıdan Azərbaycan rəsmiləri özləri ilə başının arxası partladılmış üç uşaq cəsədi gətirmişdilər.

Yerli məsciddə yerdə sərilmiş şəkildə paltarda uzanmış daha altı insan cəsədi vardı, ətrafları öldürülən zamankı vəziyyətdə donmuşdu. Üzləri soyuqdan qaralmışdı.

Arxası üstə uzanmış və qurumuş əli havada qalmış atasının cəsədi üstündə sinəsinə döyərək ağlayan bir qadın “Telman” deyə qışqırırdı.

Ermənilər tərəfindən zəbt edilmiş Xocalı şəhərinə helikopterlə qısa səfər etmiş insanlar da eyni mənzərənin, hətta bundan da dəhşətlisinin şahidi olmuşlar. Bir rusiyalı jurnalist helikopterin endiyi yalnız 50 yard ərazidə 30 insan cəsədini saydığını bildirdi.

Ermənistan ötən çərşənbə günü Azərbaycanın Dağlıq Qarabağda 2-ci ən böyük şəhəri Xocalının yaxşı silahlanmış qeyri-nizami erməni qoşun hissələri tərəfindən işğalından sonra azərbaycanlılara qarşı törətdikləri qəddarlıqları və ya kütləvi qətlləri rədd edir. Azərbaycan 1000 nəfərin öldüyünü bəyan edir.

Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov bildirir: “Qadın və uşaqların başlarının dəriləri soyulmuşdu”.

Fərəcovun dediyinə əsasən Qırmızı Xaçın nişanı olan və keçmiş Sovet ordusunun iki Mİ 24 helikopteri ilə müşayiət olunan helikopter Ermənistan qüvvələri atəş açana kimi 3 uşağın cəsədini götürməyə müvəffəq oldu. “Cəsədləri götürmək istədikdə onlar atəş açırdılar”, o söylədi.

Cənab Fərəcov yerdə yalnız 15 dəqiqə qaldıqlarını bildirirdi.

“Döyüş helikopterləri qırmızı işıq siqnalı verməklə Ermənilərin yaxınlaşdığına işarə edərək getməli olduğumuzu bildirdilər. Tutulduğum təqdirdə özümü partlatmağa hazır idim”, cibindəki qumbaranı göstərərək söylədi.

Röyter agentliyinin fotoqrafı Frederik Lengeyn Ağdam yaxınlığında azərbaycanlı cəsədlərlə dolu iki yük avtomobili görmüşdür.

“İlk avtomobildə 35, çox güman ikincidə də elə o qədər cəsəd var idi. Bəzilərinin başı kəsilmiş, bir çoxlu yanmışdı. Hamısı kişi idi və çox az hissəsi xaki formasında idi.”

Ağdam məscidində döşəklər üzərində adi elektrik lampasının altında yerə sərilmiş cəsədlər var idi. İnsanlar Azərbaycan prezidentinə qarşı təhqirlər yağdırır, Ayaz Mütəllibovun Qarabağdakı azərbaycanlıları qorumaq üçün yetəri qədər çalışmadığını söyləyirdilər.

Yüzlərlə insan dualarını edir, hələ bir neçə dəqiqə əvvəl yük maşınları ilə gətirilən ölmüş qohumlarının yanında özlərindən asılı olmayaraq hönkürtü ilə ağlayır və haldan düşüb qalırdılar.

Onlarla donmuş cəsədin qarlı təpələrdə səpələnməsini əks etdirən dəhşətli film mübahisəli Qafqaz anklavından sağ-salamat çıxan qaçqınların qəhər içində danışdığı amansızlıqla qətlə yetirilmiş qadınların və uşaqların sayını təsdiq edir.

Azərbaycan televiziya kanallarında Azərbaycanın Ağdam şəhərinə gətirilmiş insan cəsədi ilə dolu yük maşını nümayiş etdirilir. Cəsədlərin bəzilərinin sifətinin dərisi bıçaqla soyulmuş bəzilərinin də gözləri çıxarılmışdı. Bir qız isə sanki köməyə çağırırmış kimi əllərini irəli uzatmışdı.

“İnsan cəsədləri qoyun sürüsü kimi yerdə səpələnmişdi, heç faşistlər belə vəhşilik törətməyiblər”, Ağdamda milis rəisi olan Rəşid Məmmədov II Dünya müharibəsi zamanı Nasist işğalına işarə edərək bildirir.

Qarabağ valisi Musa Məmmədov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki Sovet hərbi bazası ilə telefon danışığında yalvarırdı: “Cəsədləri geri gətirmək üçün bizə kömək edin”.

Operator və qərb müxbirlərini aparan vertolyotun pilotu Xocalı ətrafında və Ağdamdan bir neçə mil uzaqlıqda yerləşən dağ keçidi olan Əsgəran dərəsində çox sayda cəsədin olduğunu söylədi.