Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
29 Fevral 2016

ABŞ-da fəaliyyət göstərən bir çox türk təşkilatlarını öz nəzdində birləşdirən Türk Amerika Assosiasiyaları Assambleyasının Vaşinqtonda keçirilmiş 36-cı illik konfransının proqramında Azərbaycana xüsusi yer ayrılıb. Belə ki, Xocalı soyqırımının 24-cü ildönümünün anıldığı günlərə təsadüf edən bu konfransda Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov, Azərbaycan icmasının nümayəndəsi kimi ABŞ Azərbaycanlıları Şəbəkəsinin (USAN) həmtəsisçisi və idarə heyətinin üzvü Yusif Babanlı çıxış ediblər.

Azərbaycan səfiri çıxışının əsas hissəsini məhz Xocalı qətliamına həsr edərək konfransa toplanmış çoxsaylı iştirakçılara bu faciə və onun doğurduğu ağır nəticələr haqqında məlumat verib. O, Xocalı qətliamının anılmasının Azərbaycan xalqı üçün çox mühüm əhəmiyyət kəsb etdiyini deyib, bu faciənin artıq azərbaycanlı kimliyinin tərkib hissəsinə çevrildiyini bildirib. Diplomat Türkiyə Prezidenti və Baş naziri tərəfindən Xocalı qətliamının ildönümü ilə bağlı verilmiş bəyanatların, bütün Türkiyə xalqı tərəfindən bu günlərdə göstərilən dəstəyin çox yüksək qiymətləndirildiyini söyləyib. Xocalı qətliamının miqyasını izah etmək üçün səfir bu faciənin Bosniyanın Srebrenitsa şəhərində baş vermiş qətliamdan heç də fərqlənmədiyini bildirib və əlavə edib ki, hətta Srebrenitsada yalnız gənc oğlan və kişilər qətlə yetirildiyi halda, Xocalıda qadın, uşaq və yaşlıya belə heç bir fərq qoyulmayib. Səfir Xocalı qətliamının törədilməsində Ermənistanın hazırkı prezidenti Serj Sarkisyanın birbaşa əlinin olduğunu qeyd edərək, onun bu barədə britaniyalı jurnalist Tomas de Vaala etdiyi etirafı xatırladıb. O, eyni zamanda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi həll edilmədikcə regionda sülhün bərqərar edilməsi və Xocalı qətliamının buraxdığı dərin yaraların sağalmasının mümkün olmayacağını söyləyib və bu münaqişənin nizamlanması üçün Ermənistanın işğal etdiyi ərazilərdən geri çəkilməli olduğunu vurğulayıb.

Elin Süleymanov, həmçinin Azərbaycan-Türkiyə münasibətlərinə toxunaraq ölkəmizin ümummilli lider Heydər Əliyevin bəyan etdiyi “Bir millət, iki dövlət” şüarına sadiq qaldığını və əlaqələrimizin hər zaman genişlənməsinə önəm verdiyini diqqətə çatdırıb. O, ABŞ-da yaşayan Azərbaycan və türk icmaları arasında qarşılıqlı əlaqələndirmə və dəstəyin vacibliyi barədə fikirlərini bölüşüb.

Yusif Babanlı Amerikadakı Azərbaycan icmasının Birləşmiş Ştatlarda fəaliyyəti haqqında məlumat verib və bu sahədə qarşıya çıxan çətinliklərə toxunub. O, ABŞ-Azərbaycan strateji tərəfdaşlığı və Ermənistan-Azərbaycan münaqişəsinə dair həqiqətlərin yerli ictimaiyyətin diqqətinə çatdırılması məqsədilə aparılan məlumatlandırma kampaniyaları barədə söhbət açıb. Y.Babanlı ABŞ-da mövcud olan Azərbaycan və digər türkdilli icmaların davamlı istifadə etdikləri təbliğat vasitələrini sadalayıb, xüsusilə Birləşmiş Ştatlarda yerli və federal səviyyədə qanunvericilik orqanları ilə iş metodları barədə ABŞ Azərbaycanlıları Şəbəkəsinin təcrübəsindən misallar çəkib.

İki günlük konfrans çərçivəsində, həmçinin Azərbaycanın ABŞ-dakı səfirliyi tərəfindən Heydər Əliyev Fondunun hazırladığı, Xocalı qətliamından bəhs edən fotosərgi nümayiş etdirilib.

Fevralın 27-də isə amerikalı jurnalist və tarixçi Tomas Qoltsun çəkdiyi və erməni işğalı altında olan Ağdamın “Qarabağ” futbol klubundan bəhs edən sənədli filmin təqdimatı olub. Təqdimatdan sonra müəllif tamaşaçıların suallarını cavablandırıb, Qarabağ həqiqətlərini onların diqqətinə çatdırıb.