The Independent, 8 mart 1992-ci il

Helen Vomak, Ağdam, Azərbaycan

“Erməni öləndə Siz xəbəri yazırsınız. Bizim əhali öləndə Siz “onların öldüyünü deyirlər” kimi yazırsınız.” Bu sözləri azərbaycanlı bir əsgər deyir. O, qərb jurnalistlərinə Ağdamda məsciddə mülki əhalinin cəsədlərini göstərirdi. Onlar 25 fevral tarixində Xocalını zəbt edərkən erməni partizanları tərəfindən qətlə yetirilib. “Siz buraya gələrək həmrəylik göstərirsiniz, lakin biz bilirik ki buradan getdikdən sonra başqa şey yazacaqsınız,” həmin əsgər söylədi.

Müsəlman azərbaycanlıları düşünürlər ki, Dağlıq Qarabağın dağlıq anklavı uğrunda dörd illik müharibədə qərb xristian Ermənistanın tərəfini tutur. Ermənilər qəti şəkildə onların təhrif olunmuş şəkildə təqdim edildiyini düşünürlər. Bura kənardan gələnlər üçün minalanmış ərazidir.

Çərşənbə axşamı Azərbaycanın sərhəd rayonu olan Ağdama çatanda Ermənistan rəsmiləri Xocalı uğrunda döyüşdən sonra mülki əhalinin qətlə yetirildiyini inkar edirdilər. Onlar azərbaycanlıların 1000 nəfərdən çıx insanın tələf olduğunu iddia etməklə nəinki ölən insanların sayını şişirtdiyinə, həm də döyüş itiklərini qırğına bənzətməklə şou düzəltdiyinə işarə edirdilər. Nəyə inandığımı özüm də bilmirdim.      

Ağdama çatan günü cəsədlərin gətirildiyi məscidlərə aparıldım. Azərbaycanlılar söylədilər ki, bu cəsədlər qəsdən qəddarcasına təhqir edilib. “Niyə yalnız dördü,” əsgərdən soruşdum. Çünki qohumlar çoxlu meyitləri artıq dəfn etmişdilər. Onun sözlərinə görə daha yüzlərlə cəsəd dağlarda qalır. Qalan dörd meyitin sahibi çıxmayıb, ehtimal ki onun qohumları da ölüblər.

Hər keçən gün günahsız insanların öldürülməsinə dair yeni sübutlar ortaya çıxır; onlar döyüş şəraitində ölməyiblər. İki həftə bundan əvvəl azərbaycanlıların erməni qəddarlığının qurbanı olması ilə bağlı şübhəm az idi. Əvvəllər başqa cür olmuşdu. Hər iki tərəfdə hökm sürən qarşılıqlı nifrət gələcəyin sonsuz olaraq qisas və qısasa cavab üzərində qurulacağını göstərir.   

Çərşənbə günü səhər tezdən böyük kütlə Ağdam məscidinin kənarında toplaşmışdı; bu insanların bəziləri Xocalıdan sağ çıxanlar, bəziləri onların qohumları idilər. Onlar ermənilərin təpələrdən cəsədləri toplamağa çalışan azərbaycanlılara atəş açdığından ümidsiz vəziyyətdə olduğunu söylədilər.  Polis şöbəsinin rəisi polkovnik Rəşid Məmmədov yalnız 500 nəfər Xocalı sakininin sağ-salamat Ağdama çata bildiyini söylədi.

Qırğın barədə söylənilənlər birmənalı; şahidlər adi adamlar idi. Onlar ermənilərin bu vaxta qədər ən sərt hücumu ilə onları təəccübləndirməsindən, onların özlərini müdafiə etmək iqtidarında olmadığını anlamasından və gecə yarısında ətraf meşələrə qaçmasından, bir qrup qaçqın kütləsinin Əsgəran dərəsindən Ağdama getmək istəməsindən və səhər tezdən erməni silahlılarının orada onları tələyə salaraq qadın, uşaq və yaşlı adamlara fərq qoymadan atəş açmasından danışırdı. Güllə atəşindən qurtula bilən bir çox insan dağlarda donaraq öldü.

Həyat yoldaşı və iki uşağının girov götürüldüyünü düşünən pinəçi Ramiz Nasiru keçmiş sovet ordusundan olan rusların zirehli piyada maşınları ilə ermənilərə kömək etməsini gördüyünü dedi. Digər sağ qalanlar da rusların cəlb olunmasından danışırdı.

Keçən il ermənilər Sovet Daxili Qoşunlarını onların kəndlərinə hücum edən azərbaycanlılara qoşulmasında təqsirləndirirdilər. Həmin vaxtda Muxayıl Qorbaçov mübahisəli anklav uğrunda gedən döyüşlərdə sanki Azərbaycanın tərəfini tuturdu. Öz qalan qüvvələrini Dağlıq Qarabağdan çıxaran Müstəqil Dövlətlər Birliyi özünün münaqişədə hər zaman neytral olduğunu bildirir. Fikrimcə öz ölkələrinə qayıdarkən qeyri-müəyyən vəziyyətlə rastlaşmasından qorxaraq bəzi rus zabitlərinin muzdlu kimi öz xristian ermənilərinə kömək etməsi mümkündür.

Məscidin kənarında toplaşan kütlə öz qohumları üçün yas mərasimi təşkil etmək üçün bütün Azərbaycandan gələn insanlarla daha da genişlənmişdi. Onlar qəzəbli idilər, çünki meyitlər hələ götürülməyib. Ağdamın hakimi Adil Qasımov dağlardan 200-ə qədər meyidin götürüldüyünü, lakin onun fikrincə 1500-ə kimi cəsədin hələ də orada qaldığını söylədi. Ehtimal ki, Xocalının daha 600 sakini ermənilər tərəfindən əsir götürülüb.

Ermənilər ilə gedən əvvəlki döyüşlərdə artilleriya atəşindən şəhərin xəstəxanasının sıradan çıxması səbəbindən Ağdam dəmiryolu stansiyasında bir sərnişin vaqonu müvəqqəti klinikaya çevrildi. Xocalıya hücumdan bəri 256 xəstə bu vaqonun qapılarından keçmişdir. 43 yaşlı Nübar Dünyamalıyeva hələ də orada idi. O, arxasından güllə yarası alaraq Azərbaycan mövqelərinə tərəf necə iməklədiyindən danışdı. Onun iki uşağı onunla birlikdə xilas ola bilmiş, lakin digər ikisi itkin düşmüşdür. 60 yaşlı Səyalə Zeynalova ombasında olan güllə yarasını göstərmək üçün yubkasını qaldırdı. Onunla birlikdə olan qızı da ayağından yaralanmışdı. Səyalə onun beş oğlundan ikisinin onun gözləri qarşısında güllə ilə öldürüldüyünü və qalanların itkin düşdüyünü söylədi.

Vaqonun həkimi Eldar Sıracov dəhşətli fəlakətin baş verdiyini, lakin dünyanın susduğunu dedi. “Qərb Ermənistanın geniş və təsirli diasporaya malik olduğundan həmişə onların tərəfini tutub,” söylədi.

Jurnalist peşəsinə malik olan və ermənilərin də ziyan gördüyünü qəbul etməyə hazır olan azsaylı azərbaycanlılardan biri kimi Ağası Babaoğlu “imperialist” Sovet qüvvələri tərk etdikdən və Bakıda demokratik qaydada seçilmiş hakimiyyət olduqdan sonra Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağ məsələsində kompromisə gələ biləcəyinə ümid etdiyini bildirdi. Lakin, böyük ehtimalla Azərbaycanda yeni hakimiyyət azərbaycanlıların əsrlər boyu onlara malik olduğunu və ermənilərin isə Leninin etdiyi sərhəd dəyişikliyi səbəbindən itirdiyini söylədiyi Dağlıq Qarabağ uğrunda müharibədə təzyiqləri artıracaq.

“Biz erməniləri yalnız Qarabağdan çıxdıqdan sonra bağışlaya bilərik,” “Qarabağ qırğıları” adlanan müstəqil müdafiə bölüyünün ağ saqqallı komandiri Yaqub Rzayev söylədi. Həqiqətən də dünən azərbaycanlıların Xocalıda baş verənlərin qısasını artıq almağa başladıqları kimi görünür. Ermənistan dünən onların 200 döyüşçüsünün mübahisəli anklavda gedən yeni əməliyyatda öldürüldüyünü bildirir.

 


Article source: courtesy of the book “Khojaly Witness of a War Crime - Armenia in the Dock”, published by Ithaca Press, London 2014