Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
04 Mart 2016

İtaliya Senatının Kitabxanasının binasında “Xocalı soyqırımı beynəlxalq humanitar hüquq kontekstində. Cəzasızlıq və ədalət” mövzusunda konfrans keçirilib. İnsan Hüquqları üzrə İtaliya Helsinki Komitəsinin (İHİHK), İnsan Hüquqları üzrə İtaliya Liqasının (İHİL), Sapienza Universitetinin, Avrasiya Aralıq dənizi və Afrika Ölkələrinin Əməkdaşlığı üzrə Tədqiqat Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilmiş tədbirdə İtaliya ictimaiyyətinin, diplomatik korpusun nümayəndələri, hüquqşünaslar, tarixçilər, tədqiqatçılar iştirak ediblər. Konfransda Xocalıda baş vermiş cinayətlər beynəlxalq hüquqi nöqteyi-nəzərdən təhlil edilib.

Konfransın moderatoru, İHİHK-nın baş katibi Antonio Stanqo tədbirin mövzusu və iştirakçıları haqqında məlumat verib. O, Ermənistan ilə Azərbaycan arasında hələ də həllini tapmamış Dağlıq Qarabağ münaqişəsinin ən qanlı hadisəsi olan Xocalı soyqırımı barədə danışaraq konfransın bu faciənin beynəlxalq hüquq müstəvisində təhlili baxımından əhəmiyyətini vurğulayıb.

İtaliya Senatının müdafiə komitəsinin prezidenti Nikola Latorre çıxışında Xocalı soyqırımının qurbanlarını anaraq, bu hadisəyə münasibətdə beynəlxalq hüququn əsas istiqamətlərini təhlil edib. O, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması istiqamətində 1990-cı illərdə başladılmış danışıqlar prosesində İtaliyanın ilk vasitəçi ölkələrindən biri olduğunu və bu gün də müvafiq istiqamətdə önəmli rol oynaya biləcəyini vurğulayıb. Bildirib ki, məhz bu səbəbdən İtaliya Azərbaycan xalqının ürəyini yaralamış Xocalı faciəsi ilə bağlı səssiz qala bilmir. Senator, eyni zamanda, Azərbaycanın həm Avratlantik strukturlarla, həm də Şərq ölkələri ilə uğurla əməkdaşlıq etdiyini diqqətə çatdırıb. Qeyd edib ki, dərin böhran yaşayan beynəlxalq birlik dialoqa ehtiyac duyur və bu baxımdan Azərbaycanın yaratdığı imic təqdirəlayiqdir.

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, ATƏT Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin üzvü senator Sercio Divina beynəlxalq birliyin bəzi münaqişələrə, xüsusilə Dağlıq Qarabağ probleminə münasibətdə laqeyd davrandığını vurğulayıb. Diqqətə çatdırıb ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə Ermənistanın əməl etməməsi Dağlıq Qarabağdakı vəziyyəti daha da çətinləşdirir. Beynəlxalq birlik ikili standart nümayiş etdirir və digər münaqişələrdən fərqli olaraq Dağlıq Qarabağ probleminin həllinə münasibətdə fəallıq göstərmir.

Sapienza Universitetinin prorektoru Antonello Biacini çıxış edərək tarixin unudulmamasının vacibliyini diqqətə çatdırıb. O, bu baxımdan Dağlıq Qarabağ münaqişəsini açıq yaraya bənzədib və müharibənin hər an yenidən alovlanma təhlükəsinin olduğunu vurğulayıb. O deyib: “Xocalı soyqırımını törədənlər qanun qarşısında cavab verməlidirlər”.

Sonra İHİL-in prezidenti, professor Alfredo Arpaianın konfransa göndərdiyi məktub oxunub. O, Xocalı soyqırımının günahkarlarının məsuliyyətə cəlb edilməsinin vacibliyini, BMT-nin müvafiq qətnamələrinin icra olunmasına beynəlxalq birliyin diqqət göstərmədiyini qeyd edib. A.Arpaia rəhbərlik etdiyi qurumun münaqişənin həllinə nail olmaq üçün danışıqlar masası təşkil etmək təklifini irəli sürüb.

Daha sonra “İnsan hüquqlarına doğru” mövzusunda çıxış edən İtaliyanın sabiq xarici işlər naziri Ciulio Terzi di Sant’Aqata Xocalıda baş verənləri tarixdəki insanlığa qarşı həyata keçirilmiş cinayətlərlə müqayisə edərək bu soyqırımını törədənlərin hələ də cəzalandırılmadığını və bunun beynəlxalq ictimaiyyətin biganə münasibəti ilə əlaqəli olduğunu deyib.

Azərbaycan və Qafqaz üzrə Gənc İtalyan Tədqiqatçılar Assosiasiyasının prezidenti, professor Daniel Pommier “Xocalı soyqırımı: tarixi baxış” mövzusunda çıxış edərək, Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin tarixini və mahiyyətini təhlil edib. Xocalıda dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş qətliamda erməni tərəfinin məsuliyyət daşıdığını sübut edən faktları diqqətə çatdırıb. O, Ermənistan prezidenti Serj Sarkisyanın Xocalı faciəsini hansı sözlərlə təsvir etməsinin məşhur britaniyalı jurnalist Tomas de Vaalın “Qara bağ” kitabında bu cür qeyd olunduğunu bildirib: “Xocalı hadisələri başlamamışdan əvvəl azərbaycanlılar elə hesab edirdilər ki, biz onlarla zarafat edirik. Onlar elə bilirdilər ki, ermənilər heç vaxt mülki əhaliyə əl qaldırmazlar. Biz bu stereotipi qıra bildik”.

“İnsan hüquqları və ədalət: Avropa İnsan Hüquqları Məhkəməsinin Dağlıq Qarabağ münaqişəsində rolu” mövzusunda çıxış edən Sapienza Universitetinin professoru Alessandra Miqnolli Xocalı soyqırımının qurbanlarının xatirəsini anıb. O, münaqişələrin qarşısının alınmasında beynəlxalq hüququn rolundan bəhs edib. Diqqətə çatdırıb ki, müharibənin öz qaydaları var və bu qaydalarda dinc əhaliyə toxunmamaq əsas götürülür. Amma ermənilər Xocalıda bu qaydaları kobud şəkildə pozaraq insanlığa qarşı misli görünməmiş cinayət törədiblər. Professor İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Çıraqov və digərlərinin Ermənistana qarşı” iş üzrə azərbaycanlı məcburi köçkünlərin xeyrinə elan etdiyi qərardan da bəhs edib.

Əslən Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən olan, hazırda İtaliyada təhsil alan Məryəm Mehdiyeva ailəsinin doğma yurdlarından didərgin düşməsi və münaqişənin yaşatdığı ağrı-acılarla bağlı təəssüratlarını tədbir iştirakçıları ilə bölüşüb. O, öz doğma yurdlarına qayıdacaqları günü səbirsizliklə gözlədiyini bildirib.

Sonda Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə tədbirin təşkilatçılarına və konfransda çıxış edənlərə minnətdarlığını bildirib. Xocalı soyqırımını Ermənistanın Azərbaycana qarşı təcavüzünün kulminasiya nöqtəsi adlandıran diplomat bu təcavüzün nəticələrini diqqətə çatdırıb, Azərbaycanın münaqişənin tezliklə həllində, Ermənistanın isə mövcud status-kvonun saxlanılmasında maraqlı olduğunu bildirib. M.Əhmədzadə Azərbaycan və Ermənistan arasında inkişafın müqayisəedilməz səviyyədə olduğunu vurğulayıb, Ermənistanın Azərbaycan torpaqlarını işğal etməklə regionda rifahın mənbəyi olan bütün strateji layihələrdən kənarda qaldığını deyib.

Müzakirələrlə davam edən tədbirdə iştirakçıları maraqlandıran suallar cavablandırılıb.