Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

“İyirmi dörd il əvvəl Xocalıda 613 nəfər qətlə yetirilib, mindən çox adam isə bu faciə nəticəsində əlil olub. Əsir götürülən 1275 adamdan 150 nəfərin itkin düşməsi, ümumiyyətlə münaqişə nəticəsində öz yurdlarından qovulmuş bir milyona yaxın məcburi köçkün Xocalının uzun sürən əks-sədasıdır”. Bu sözləri Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev açıq məktubunda yazıb. Rusiya deputatı qeyd edir ki, Azərbaycan hələ də bütün dünyanı bu qurbanları unutmamağa çağırır və Xocalının külü hər bir azərbaycanlının qəlbini göynədir.

O yazır: “Hazırda Xocalı qırğını ilə əlaqədar anım mərasimləri Azərbaycanın qonşusu Rusiyadan tutmuş okeanın o biri tayındakı Kanadayadək dünyanın hər yerində keçirilir, bu da çox rəmzi haldır. Hər bir insanın din, siyasət, mənəvi azadlıq hüququ var, hər kəsin həm də xatırlamaq kimi alına bilməz hüququ var. Xocalı faciəsinə bənzər faciələrin unudulması yeni-yeni fəlakətlərə yol aça bilər”.

Məktubda daha sonra deyilir: “Yaddaş dərslərindən birincisi: vətəndaşlar yalnız onların dövləti qüdrətli olanda - iqtisadiyyatı, silahlı qüvvələri, mədəniyyəti, burada yaşayan insanların güclü ruhu sayəsində qüdrətli olanda özlərini təhlükəsiz hesab edə bilərlər. Bir vaxtlar Sovet İttifaqı mövcud idi. Burada xalqlar gələcəyə inamla baxan vahid ailə kimi yaşayırdılar. Amma hər şey alt-üst oldu. Hər bir xalq təkbaşına, bəzən isə başqa xalqlar hesabına qurtulmağa başladı. Bizim terrorizm, millətçilik və nəyin bahasına olursa-olsun varlanmaq viruslarına qarşı immunitetimiz yox idi. Amma müstəqil Azərbaycan Xocalı faciəsindən keçən onilliklər ərzində daha möhkəm, daha qüdrətli olub, dünya arenasında müstəqil oyunçuya və Cənubi Qafqazda sülhün qarantına çevrilib. Bu gün azərbaycanlılar rahat ola bilərlər: onların ölkəsi onları müdafiə edəcək!”.

D.Savelyevin fikrincə, yalnız əsl güclü insan mərhəmətli, loyal və başqalarına qarşı dözümlü ola bilər. Azərbaycan da güclü bir ölkə kimi qisas hissi ilə yaşamır, dünyaya multikulturalizm və tolerantlıq ixrac edə-edə Qarabağ probleminin sülh yolu ilə həlli imkanlarını axtarır. Rusiya deputatı fikrini belə tamamlayıb: “Bu da Xocalının ikinci ibrət dərsi. Prezident İlham Əliyevin 2016-cı ili ölkədə “Multikulturalizm ili” elan etməsi, eləcə də iki ay sonra Bakıda keçiriləcək BMT Sivilizasiyalar Alyansının VII Qlobal Forumu dövlətin mədəniyyətlərarası və konfessiyalararası dialoqun inkişafına növbəti töhfəsidir. Əsrlər boyu ərazisində müxtəlif xalqların və konfessiyaların nümayəndələrinin dinc yanaşı yaşadığı və əməkdaşlıq etdiyi Azərbaycan özünün bütün tarixi ilə planetimizə ismarış göndərir: Xocalı faciəsi Yer kürəsinin heç bir yerində təkrarlanmamalıdır”.