1813 və 1828-ci illərdə müvafiq olaraq Gülüstan və Türkmənçay müqavilələrinin imzalanmasından sonra ermənilər kütləvi şəkildə Azərbaycan torpaqlarına köçürülməyə və Azərbaycan əraziləri süni bölgülərə məruz qalmağa başladı. Erməni gəlmələri regionda azlıq təşkil etməyinə baxmayaraq onlar tezliklə siyasi ekspansiya siyasətini həyata keçirməyə və bu siyasətin icrası üçün təcavüzkar planlar qurmağa başladılar.  

Birinci dünya müharibəsi də Cənubi Qafqazda ermənilərin sayının artmasına töhfə vermişdir. Süni ərazi bölgüsü ilə müşayiət olunan bu proses regionda sabitliyin uzun müddətdə pozulmasının, gərginlik və münaqişələrin yaranmasının əsasını qoydu. 1905-1907-ci illərdə ermənilər azərbaycanlılara qarşı irimiqyaslı qanlı aktlar həyata keçirdilər. Bakıda başlanan vəhşiliklər Azərbaycanın bütün ərazisinə və indiki Ermənistan ərazisindəki Azərbaycan kəndlərinə yayılmışdı. Yüzlərlə yaşayış məntəqəsi dağıdıldı və yer üzündən silindi, minlərlə dinc əhali vəhşicəsinə qətlə yetirildi.

Birinci Dünya müharibəsi və Rusiyada 1917-ci il inqilablarından sonra yaranmış vəziyyətdən istifadə edərək, ermənilər bolşevizm bayrağı altında öz məqsədlərini reallaşdırmağa başladılar. Belə ki, əks-inqilabçı ünsürlərlə mübarizə şüarları altında 1918-ci ilin mart ayında Bakı kommunası bütün Bakı quberniyasında azərbaycanlıların məhvinə yönəldilmiş planı həyata keçirməyə başladı. Minlərlə azərbaycanlı yalnız öz etnik mənsubiyyətinə görə Bakı ilə yanaşı, Şamaxı və Quba rayonlarında, həmçinin Qarabağ, Zəngəzur, Naxçıvan, Lənkəran və Azərbaycanın digər bölgələrində qətlə yetirilmişdir. Bu ərazilərdə mülki əhali kütləvi şəkildə qırılmış, kəndlər yandırılmış və milli mədəniyyət abidələri dağıdılaraq məhv edilmişdir.

1920-ci ilin sonunda Ermənistanda Sovet hakimiyyəti qurulduqdan sonra ermənilərə öz dövlətini başqa millətlərin torpaqları hesabına genişləndirmək üçün çoxdankı arzularını həyata keçirmələri üçün real imkan yaradıldı. 70 illik Sovet hakimiyyəti zamanı onlar bu siyasəti Azərbaycanın hesabına sistematik və metodiki şəkildə azərbaycanlıları öz torpaqlarından qovmaq üçün bütün mümkün imkanlardan istifadə edərək həyata keçirmişlər. Beləliklə 1920-ci ildə ermənilər Zəngəzur və Azərbaycanın bir sıra digər ərazilərini Ermənistan Sovet Sosialist Respublikasının (SSR) tərkibi elan etdilər. Bundan əlavə, Qarabağın dağlıq hissəsinin Azərbaycanın tərkibində saxlanılmasına baxmayaraq, ona inzibati sərhədləri erməni əhalisinin çoxluq təşkil etməsini təmin edən tərzdə müəyyən olunan muxtariyyət statusu verildi. Beləliklə, eyni zaman çərçivəsində Ermənistanda kompakt halda yaşayan yarım milyondan çox azərbaycanlının həmin təminatdan məhrum edildiyi halda, Azərbaycan ərazisində süni qurum yaradıldı.

Bundan əlavə, Sovet hakimiyyəti zamanı Ermənistanda əhalinin demoqrafik tərkibinin dəyişdirilməsi istiqamətində məqsədyönlü səylər həyata keçirilmişdir. Belə ki, xaricdən gələn ermənilərin yerləşdirilməsi bəhanəsi ilə çoxlu sayda azərbaycanlılar Ermənistanı tərk etməyə məcbur edildilər. SSRİ Nazirlər Sovetinin 23 dekabr 1947-ci il və 10 mart 1948-ci il tarixlərində qəbul edilmiş xüsusi qərarları ilə 150 mindən çox azərbaycanlı zor gücünə Ermənistandakı öz tarixi doğma torpaqlarından Azərbaycana köçürülmüşdür.

1987-ci ilin sonunda Ermənistan SSR Azərbaycan SSR-nin DQMV-nin ərazisinə aşkarcasına iddia irəli sürdü. Bundan sonra azərbaycanlılar Ermənistan SSR-dən və DQMV-dən növbəti dəfə qovulmağa başladı. Həmçinin bu regionun Azərbaycandan birtərəfli şəkildə ayrılması prosesinin həyata keçirilməsi üçün həm Ermənistan, həm də Dağlıq Qarabağın erməni icması tərəfindən bir sıra qanunsuz qərarlar qəbul edildi.

22 fevral 1988-ci il tarixində Xankəndi-Ağdam şossesində yerləşən Əsgəran qəsəbəsi yaxınlığında ermənilər dinc azərbaycanlı nümayişçilərinə atəş açdılar. Nəticədə həlak olan iki azərbaycanlı gənc münaqişənin ilk qurbanları oldular.
 

Dağlıq Qarabağa iddialar irəli sürdükdən sonra Ermənistan dövlət orqanları 250 minə yaxın azərbaycanlının Ermənistandakı evlərindən məcburi şəkildə deportasiyası ilə nəticələnən qərarlar qəbul etdilər. Deportasiya prosesi bütün Ermənistan boyunca genişmiqyaslı və sistemli öldürmə, işgəncə vermə, əmlakın məhvi və soyğunçuluq halları ilə müşayiət olundu. Bütövlükdə bu proses nəticəsində 1987-1989-cu illərdə Ermənistanda 216 nəfər azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və yaşlılar öldürüldü.   

Dünya ictimaiyyəti 2001-ci il 11 sentyabr tarixində və sonralar digər ölkələrdə baş vermiş dəhşətli terror hücumlarını müşahidə etdikdən çox əvvəl Ermənistan təhlükəsizlik agentlikləri və terror təşkilatları mülki obyektləri, o cümlədən sənaye müəssisələrini və hava, dəniz və quru nəqliyyat vasitələrini hədəfə alaraq Azərbaycanın daxilində terror aktları törədirdilər. 1980-ci illərin sonlarından bəri bu cür aktlar nəticəsində əksəriyyəti qadın, uşaq və yaşlılar olan 2000-dən çox azərbaycanlının həyatına son qoyulmuşdur.   

1991-ci ildə Sovet İttifaqı süqut etdikdən sonra həm Ermənistan, həm də Azərbaycan beynəlxalq subyekt kimi tanındı, silahlı əməliyyatlar və Ermənistanın Azərbaycana qarşı hücumları intensivləşdi. Ermənistan müharibəyə başladı, Azərbaycana qarşı silahlı qüvvə tətbiq etdi və Dağlıq Qarabağ regionu və yeddi ətraf rayon da daxil olmaqla onun ərazilərini işğal etdi. Ermənistan bir milyona yaxın azərbaycanlını öz doğma torpaqlarından qovmaqla işğal etdiyi ərazilərdə etnik təmizləmə fəaliyyəti həyata keçirdi və münaqişə zamanı digər ciddi cinayətlər törətdi. Nəhayət, Ermənistan işğal olunmuş Azərbaycan torpaqlarında eyni etnik tərkibə malik, tabeli qurum yaratdı.     

Beynəlxalq ictimaiyyət Azərbaycana qarşı hərbi güc tətbiq edilməsini və nəticədə onun torpaqlarının işğal edilməsini mütəmadi olaraq pisləmiş və qınamışdır. 1993-cü ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) bütün üzvləri adından çıxış edərək BMT Təhlükəsizlik Şurası Azərbaycanın suverenliyini, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq etməklə Azərbaycana qarşı güc tətbiq edilməsini və onun ərazilərinin işğal olunmasını pisləyən 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələr qəbul etdi. Bu qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionun Azərbaycanın bir hissəsi olduğunu bir daha təsdiq etmiş və işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən dərhal, tam və heç bir qeyd-şərt olmadan çıxarılmasını tələb etmişdir. BMT Baş Assambleyası bu münaqişə üzrə üç qətnamə (20 dekabr 1993-cü il tarixli 48/114 saylı, 7 sentyabr 2006-cı il tarixli 60/285 saylı və 14 mart 2008-ci il tarixli 62/243 saylı) qəbul etmiş və özünün müntəzəm sessiyalarının gündəliyinə “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı xüsusi bənd daxil etmişdir. Digər beynəlxalq təşkilatlar da oxşar mövqe nümayiş etdirmişlər.

 

Ermənistanın Azərbaycana təcavüzü haqqında əlavə məlumat (ingiliscə)