Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
22 Fevral 2018

Malayziyanın Kuala Lumpur şəhərində yerləşən “Lincoln University” kollecində Azərbaycanın Malayziyadakı səfirliyinin təşkilatçılığı ilə Xocalı soyqırımının 26-cı ildönümünə həsr olunan tədbir keçirilib.

Tədbirdə “Lincoln University” kollecinin prorektoru professor Datuk Hajjah Bibi Florina Abdullah, kollecin prorektorunun müavini Dato Mohd Yusoff Abu Bakar, stomatologiya fakültəsinin dekanı Rahimah Abdul Kadir, təhsil ocağının müəllim və tələbə heyəti, səfirliyin əməkdaşları iştirak ediblər.

Tədbirin açılışında Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Universitetin tələbəsi Qurandan ayələr, həmin gecə həlak olan insanların ruhuna dualar oxuyub.

Mərasimi açan səfir Qaley Allahverdiyev kollecin rəhbərliyinə tədbirin təşkilində göstərdikləri köməyə görə təşəkkürünü bildirib. Ermənistanın işğalçılıq siyasəti və Azərbaycana qarşı elan olunmamış müharibə ilə bağlı iştirakçılara geniş məlumat verərək, müstəqilliyimizin ilk dövrlərində bu ölkənin işğalçı qoşunları tərəfindən törədilmiş cinayətlərdən bəhs edib. Xocalı soyqırımı haqqında danışan səfir, bu faciəyə hüquqi qiymət verilməsi prosesindən, dünya ictimaiyyətinin diqqətinin bu hadisəyə yönəldilməsinin vacibliyindən danışıb. Bildirib ki, dünyanın bir sıra ölkələrinin parlamentləri, o cümlədən ABŞ-ın 20 ştatı bu faciəni soyqırımı kimi tanıyıb, İslam Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilat tərəfindən Xocalı faciəsinin insanlıq əleyhinə cinayət aktı olaraq təsdiqləyən sənəd qəbul olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən 366-cı motoatıcı alayının zirehli texnikasının və hərbi heyətinin köməyi ilə Xocalı şəhərinin işğal edildiyi, mühasirəyə alınan şəhərin yandırıldığı, soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər Xocalı sakininin qətlə yetirildiyi, 8 ailənin tamamilə məhv edildiyi, 1275 xocalılının əsir götürüldüyü qeyd edilib.

Səfir, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası haqqında da kollecin tələbələrinə məlumat verib və onları bu kampaniyaya dəstək verməyə çağırıb.

Tədbirdə Heydər Əliyev Fondu tərəfindən ingilis dilində hazırlanan “Xocalıya ədalət!” sənədli filmi nümayiş etdirilib.

Filmin nümayişindən sonra çıxış edən prorektor Datuk Hajjah Bibi Florina Abdullah kollecdə belə bir tədbirin keçirilməsini alqışlayıb, bunun malayziyalı tələbələrin Azərbaycan həqiqətləri barədə məlumatlandırılmasında böyük rol oynadığını qeyd edib.

Prorektor Azərbaycan xalqının başına gətirilmiş bəlalar, Xocalı soyqırımı qurbanlarının ermənilər tərəfindən vəhşiliklə öldürülməsinə dair real faktlara əsaslanan sənədli filmdə gördüklərindən dəhşətə gəldiklərini vurğulayıb, Azərbaycan xalqına başsağlığı verib.

Kollecdə, həmçinin Xocalı soyqırımı hadisələrini və Ermənistanın Azərbaycana qarşı təcavüzünü özündə əks etdirən, ingilis və malay dillərində nəşr olunmuş kitablar, broşür və jurnallar, soyqırımı qurbanlarının fotoşəkilləri əks olunmuş sərgi də açılıb.

Tədbirdə iştirak edən tələbələrə üzərində ingilis dilində “Xocalıya ədalət!” sözləri həkk olunmuş köynəklər hədiyyə olunub.

Xocalı soyqırımı haqqında kitab və jurnallar bu ali təhsil ocağının kitabxanasına hədiyyə edilib.

Ali təhsil ocağının tələbələri Azərbaycan xalqı ilə həmrəy olduqlarını bildirmək üçün əllərində “Justice for Khojaly” sözləri yazılan plakat tutaraq şəkillər çəkdiriblər. Onlar həmin şəkilləri sosial şəbəkələrdə paylaşacaqlarını bildiriblər.

Tədbirin sonunda soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.