Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Fevralın 25-də Azərbaycanın İrandakı səfirliyində Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb.

Tədbirdə İran Xarici İşlər Nazirliyinin əməkdaşları, Tehran ictimaiyyətinin nümayəndələri, ziyalılar və bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı barədə sənədli film göstərilib.

Səfir Cavanşir Axundov çıxış edərək bildirib ki, Xocalı soyqırımını ermənilər planlı şəkildə və qəddarlıqla həyata keçiriblər. Məqsəd də o idi ki, azərbaycanlılar qorxaraq Dağlıq Qarabağın işğalına müqavimət göstərməsinlər. Lakin erməni ideoloqlarının planları baş tutmadı. Ermənilərin insanlığa sığmayan terror aktları əhalini nəinki qorxutmadı, əksinə torpaqlarının işğalına qarşı mübarizəyə ruhlandırdı.

Qeyd olunub ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının 10 tankı, 16 zirehli transportyoru, 9 piyadaların döyüş maşını, 180 nəfər hərbi mütəxəssisi və xeyli canlı qüvvəsi ilə Xocalını mühasirəyə aldı. Ermənilər ən müasir silahlarla hücum edərək Xocalı şəhərini yerlə-yeksan etdilər. Çoxsaylı ağır texnika ilə şəhər tamamilə dağıdıldı, yandırıldı və insanlar xüsusi qəddarlıqla qətlə yetirildi. Onların içərisində başları kəsilən, gözləri çıxarılan, dərisi soyulan, diri-diri yandırılanlar çoxluq təşkil edirdi. Bu soyqırımı nəticəsində 613 nəfər öldürülüb ki, onlardan 63-ü uşaq, 106-sı qadın, 70-i isə qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, 487 nəfər şikəst oldu ki, onlardan da 76-sı uşaqdır. Bundan əlavə, 1275 nəfər əsir götürüldü, 150 nəfər itkin düşdü.

Səfir deyib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət!” kampaniyası bu gün uğurla fəaliyyət göstərir və dünyanın aparıcı dövlətlərində ermənilərin törətdikləri bu soyqırımı haqqında ictimaiyyətə obyektiv məlumatlar çatdırılır.

Sonra İranın Tacikistandakı keçmiş səfiri Məhəmməd Şəbüstəri, Qafqaz Müsəlmanları İdarəsinin İrandakı nümayəndəsi Şamil Rəsulov, səfirliyin əməkdaşları Taleh Zöhrabov, Tariyel İsmayılov və başqaları çıxış edərək ermənilərin Türkiyədə, İranda törətdikləri soyqırımı aktlarından danışıblar.

Tədbirin sonunda ehsan süfrəsi açılıb.