İlqar Cəfərov 1960-cı ildə Azərbaycan Respublikasının ikinci böyük şəhəri olan Gəncədə anadan olub. 1983-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Institutunu, 1991-ci ildə isə Moskvada, SSRİ jurnalistlər İttifaqının Foto-mərkəzi nəzdində foto-jurnalistika fakültəsini bitirib. 1991-ci ildən dövlət informasiya agentliyi AzərTAc-ın fotomüxbiridir. Bir sıra beynəlxalq fotomüsabiqələrin iştirakçısı və qalibi olub. Onun fotoşəkillərindən ibarət kitablar və kataloqlar nəşr edilib. Xaricdə və Azərbaycanda fərdi fotosərgiləri keçirilib.

Təəssüf ki, karyeraya start verdiyi müddətdə onun ölkəsinə qarşı silahlı münaqişə başlandı. Tezliklə o, dinc əhaliyə qarşı başlanan müharibənin qeyri-insani nəticələri barədə reportajlar hazırlamaq və bu faktları sənədləşdirmək tapşırığı ilə cəbhə bölgəsinə ezam edildi. İlqar Cəfərov Fizuli, Şuşa və Laçın rayonlarında xidmət etdikdən sonra Xocalıya yola düşür. O, Xocalıda yaşadığı hadisələri belə təsvir edir:

"Hadisələri canlı görmək və bəzən eybəcər vəziyyətə salınmış cəsədləri lentə almaq heç də asan deyildi. Bunlar mənə psixoloji cəhətdən çox təsir edirdi. Dəhşətə gəlirdim, bəzən özümü qışqırmaqdan, ağlamaqdan güclə saxlayırdım. Ermənilər bir ailəni vəhşicəsinə qətlə yetirmiş, hər birinin də cəsədini eybəcər hala salmışdılar. Mən isə bunların hamısını lentə almalı idim!".

İ.Cəfərovun albomuna daxil edilən fotoların unikallığı ondadır ki, bu şəkillərdə yalnız ayrı-ayrı anlar dondurulmayıb, ayrıca götürülmüş bir hadisə qeydə alınmayıb, onlar bütöv bir dövrü əks etdirir. Müəllif isə xronikaçı, salnaməçi rolunda çıxış edir. Fotoların əksəriyyətində cəmiyyətin kövrək qruplarına, o cümlədən uşaqlara və qadınlara qarşı qəddarlıqlar əks olunub. Fotoqraf Xocalıda gördüyü faciənin təsirindən bu günə kimi də çıxa bilmir:

"Başa düşürdüm ki, bir az soyuqqanlı olmaq lazımdır. Amma qətlə yetirilən qocaları, körpə, günahsız uşaqları görəndə dözmək olmurdu".