Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
Şamil Ələkbərli (sağ tərəfdə)

“Xocalı Soyqırımını Tanıtma” İctimai Birliyinin sədri Şamil Sabiroğlu (həmçinin Şamil Ələkbərli kimi tanınır) ilə 2011-ci il 19 oktyabr tarixində Bakı şəhərində görüşdük.

Hadisəni birinci görənlərdən idim və çoxlu şəkillər çəkdim. Hadisə barədə birinci olaraq “Səhər” qəzetində məlumat yaydım…Həyat yoldaşım əslən Xocalıdandır və şəhərin çətin vaxtlarında könüllü olaraq mən Xocalıya getdim.

23 yaşım olmasına baxmayaraq qəzetimiz ciddi informasiya vasitəsi kimi tanınırdı. 1990-cı ildə onun bir milyon nüsxəsi çap olunmuşdu. Qəzetimiz Sovet ordusunun Bakıya müdaxiləsini işıqlandırmışdı. Bu səbəbdən mənim yazılarım ciddi mənbə kimi qəbul olunurdu.

Şamil bildirir ki, 1990-cı ildə Xocalı şəhər statusu aldı. Şəhərdə tikinti işləri gedirdi; Ermənistandan və qonşu Xankəndi rayonundan qovulan Azərbaycanlılar üçün orada fin üslublu taxta evlər tikilirdi.

Peşəmə uyğun olaraq tikinti sahəsində çalışırdım. Həmçinin jurnalist kimi fəaliyyət göstərirdim. İşimizi Azərbaycan hökuməti maliyyələşdirirdi. Mən təcavüzün yüksəlmə mərhələlərinin şahidi oldum.    

Hələ faciədən öncə ermənilər tikinti işləri gördüyümüz zaman bizi qıcıqlandırırdılar. Onlar “yaxşı, Siz gedin tikin, ancaq bilin ki, buradan gedəcəksiniz” deyirdilər. Tikinti işləri zamanı onlar bizə atəş açırdılar.  

Bəzən avtobus ilə Əsgərandan keçərək Ağdama gedərdik. Ağdamda azərbaycanlılar yaşayardı, Əsgəranda isə ermənilər. Geriyə qayıdan zaman ermənilər daş ataraq pəncərələri sındırırdılar; bəzən avtobusdakı sərnişinlər xəsarət alardı. Onlar bizə hədə-qorxu gələr, bu torpaqların, o cümlədən Xocalının onlarınkı olduğunu iddia edirdilər. Bu hadisələrin 1991-ci ilin noyabr ərəfəsində baş verdiyi xatirimdədir. Hadisə baş verən zaman mən avtobusda idim.

Tədricən ermənilər ətraf məkanları ələ keçirdilər. Onlar Əsgəran qülləsini mühasirəyə aldılar. Əsgərandan Şuşaya yol həmin qüllədən (onun altı tacvari idi) keçirdi. Qüllənin 250 il tarixi var idi. Yavaş-yavaş Xocalı təcrid olunurdu.           

Meşəli, Cəmilli, Kərkicahan və Kosalar Xocalının ətraf kəndləri idi və onlar ermənilər tərəfindən işğal olundu. 1991-ci il 15 dekabr tarixində onlar Cəmillini ələ keçirdi və dörd nəfər azərbaycanlını qətlə yetirdilər. 1991-ci il 23 dekabr tarixində onlar Meşəli, 28 dekabr tarixində isə Kosalar kəndlərini yandırdılar. Nəticədə çoxlu insan həlak oldu. Dəhşətli faktlardan biri Meşəlidə 14 yaşlı məktəbli oğlanın məktəbdə diri-diri yandırılması idi.

Xocalının təcrid vəziyyətini görərək onun yaxınlarda işğal olunacağını düşünürdüm.

1992-ci il 28 yanvar tarixində Ermənistan Ağdamdan Şuşaya gedən helikopteri vurdu. Beləliklə də, Xocalıya hava yolu da kəsildi və şəhər tam olaraq mühasirəyə düşdü. Heç bir təchizatı olmayan şəhərdə tezliklə su, ərzaq və elektrik qıtlığı yarandı.

Tikinti dayandı. Cəmillidə könüllü kimi müəllim işləməyə başladım. Ora işğal olunduqdan sonra isə insanları Ağdama və sonralar Bərdəyə aparırdım.

Hər şey ümidsizliyə doğru gedirdi. Hər cür dəhşətli hadisələr baş verirdi; Sizə saysız belə hadisələr danışa bilərəm.

Qaradağlı adlanan kənd də ermənilər tərəfindən işğal olundu. Bu, o qədər də böyük kənd deyildi, lakin orada 70 nəfər azərbaycanlı öldürüldü. Onlar heyvanlar üçün yem qablarında dəfn olundu.

Alov və Atəş adlı iki qardaş var idi. Onlar adlarına görə öldürülərək yandırıldı.

Melkonyan adlanan erməni bir hamilə qadını öldürərək uşağını çıxardı.

Ağdamda idim və hiss edirdim ki, Xocalı növbəti hədəfdir.

1992-ci il 26 fevral tarixində mən Şellidə idim. Meşədən çıxan bir qrup yaralı şəxslə qarşılaşdım və orada nəyin baş verdiyini öyrəndim. Hətta uzaq məsafədən belə atəş açma hallarını görə və eşidə bilirdik. Yaralıları axtarmaq üçün meşəyə getdik. Orada gənc azərbaycanlı könüllülər yaralılara kömək edirdilər. Silahlarımız yox idi. Ermənilər atəş açmaqda davam edirdilər. Meşədən qışqırıq səsləri eşidirdik.

Biz bir yanacaq doldurma məntəqəsinə çatdıq. Bütöv bir ərazi yaralı insanlarla dolu idi. Əhali əraziyə dağılmışdı, lakin yenə də atəşə məruz qalmışdılar. Biz cəsədləri saxlamaq və yaralıları Ağdama aparmaq qərarına gəldik. Yaralıları daşımaq üçün yerli əhalinin nəqliyyat vasitələrindən istifadə etdik.     

Xocalıda üç qrup əhali yaşayırdı: Xocalının yerli sakinləri, Xankəndindən buraya köçənlər və Ahiska türkləri. Türklər fin evlərində yaşayırdılar. Onların evləri odundan və kövrək olduğuna görə türklər birinci olaraq atəşə məruz qaldılar.

Həmin gün mən özümə gəlmədim. Baş verənlərə inana bilmirdim. Gecə mən jurnalist kimi Bakı ilə əlaqə saxlamalı olduğumu düşündüm. Mən telefon əlaqəsindən istifadə etmək üçün Ağdamda poçt idarəsinə getdim. Bakıya yüzdən çox insanın qətlə yetirildiyini xəbər etdikdə onlar mənə inanmırdılar.

Sonralar eşitdim ki, Azərtac xəbər agentliyində yalnız iki nəfərin öldüyü barədə xəbər yayımlanıb. Mən yüzdən çox insanın qətlə yetirildiyini sübut edə bildim. Bütün digər qəzetlər Azərtacın xəbərini yaydı, lakin mənim qəzetim öz xəbərimi yaydı.

1992-ci il 27 fevral tarixində Tomas Qoltzdan sonra digər jurnalistlər Ağdama gəldi. Onlar üçün xüsusi helikopter icarə olundu və onlar qırğını və Ermənistanın törətdiklərini öz gözləri ilə görə bildilər.

Lakin Bakı hələ də baş verənlərə inanmırdı.

Öz kameram ilə çəkdiklərimdən film hazırladım. Bu peşəkar fotoaparat deyildi, lakin mən yenə də şəkilləri göndərdim. 4 mart tarixində mənim qəzetim həmin şəkillərdən istifadə etməklə “Azərbaycan qırmızı qanda” başlıqlı məqalə nəşr etdi.

Ağdamdakı yerli strukturlar bizə kömək etməkdən qorxurdular və faciənin qarşısını ala bilmədiklərinə görə kədərli idilər. 

 

Şamil hadisələri təsvir etməkdə davam edirdi və öz mülahizələrini bildirdi.

Xocalı əhalisi Azərbaycanda öz əməksevərliyi və kənd təsərrüfatında qabaqcıl imkanları ilə tanınır. Rayonda zəngin Xocalı-Gədəbəy abidələri yerləşir, bu da Xocalının Azərbaycan mədəniyyətinin bir hissəsi olduğunu sübut edir.

Xocalıda müşahidə olunan əsas məqamlardan biri uşaqlara heç bir aman verilməməsidir. Ata səkkiz yaşlı qızının gözləri önündə kəndirlə asılaraq yandırılmışdır. Onun adı Təvəkkül Əmirovdur.

Bakıdan olan tələbə Faiq Əliməmmədov Xocalıya getmiş və orada təcridxanada güllələnərək öldürülmüşdür.

Xocalıda 613 nəfər öldürüldü. Onlardan 63 nəfəri uşaq olmuşdur. 150 nəfər şəxs hələ də itkin düşüb.

Xocalıda təxminən 7000 nəfər əhali yaşayırdı, lakin faciə zamanı orada 3000 nəfər qalmışdı, çoxu oranı tərk etmişdi. Bu o deməkdir ki, hər üç nəfərdən biri fiziki əzab çəkmişdir. Nəzərə almaq lazımdır ki, bir çox insan yaralanmış və müxtəlif xəsarətlər almışdır.

1275 nəfər dərhal girov götürülmüş, onlardan bəziləri geriyə qayıtmışdır. Bəzi qeyri-rəsmi məlumatlara görə girovlar Ermənistana, oradan isə Liviya və Suriyaya aparılaraq onların orqanları satılmışdır. Bəziləri Gürcüstana aparılmışdır.

Səkkiz ailə tamamilə məhv edilmişdir.

150 nəfər itkin düşən insanlar və keçirdiyi sarsıntılar nəticəsində gənc yaşlarında həlak olanlar nəzərə alınsa, ölənlərin sayını göstərən rəqəm 613-dən daha çox olar.  

Ermənistan BMT-nin müvafiq qətnamələrinə məhəl qoymur. BMT-nin Qarabağla bağlı qətnamələri icra olunmayıb. Bu fakt bütün dünyaya çatdırılıb, lakin işğal davam edir. Bu vəziyyətə son qoyulmalıdır.   

Ermənistan öz ölkəsini dənizdən dənizə, Qara dənizdən Xəzər dənizinə çatdırmaq iddiasındadır. Belə görünür ki, Rusiya, Fransa və ABŞ Ermənistana bu arzusunu həyata keçirməyə dəstək olur…  

Bizim istədiyimiz beynəlxalq ictimaiyyətin bizə dəstək olmasıdır. Hələ də müharibə təhlükəsi qalmaqdadır. Biz Xocalı faciəsinin qlobal səviyyədə tanınmasını istəyirik. Biz 26 fevral tarixinin Azərbaycanın anılması günü kimi tanınmasını istəyirik!

Biz Ermənistanın indiki və keçmiş prezidentlərinin məhkəmədə cavab verməsini istəyirik. Serj Sarkisyan (söhbət zamanı Ermənistanın Prezidenti – red.) iki il bundan öncə Fransada Xocalı faciəsində iştirak etdiyini etiraf edib. Seyran Ohanyan (söhbət zamanı Ermənistanın müdafiə naziri – red.) 366-cı alayın 2-ci batalyonunun komandiri olub.

Onlar qırğında birbaşa iştirak etdiyinə və təqsirli olduğuna görə biz onların Avropa Məhkəməsində cavab verməsini istəyirik. Onlar bu faciəni törətdiklərini etiraf ediblər.

Şamilin son sözləri daha təsirlidir:

Mən sərhədsiz, insanların bir-birini başa düşdüyü bir dünya istəyirəm. İnsanlar bir-birinə etinasız münasibət bəslədiyi halda dünyanın sonu gələr. Biz bu laqeydliyə son qoymalıyıq, müharibələrə son qoymalıyıq. 

 

Söhbəti apardı: Fiona Maklaxlan
Mənbə: “Müharibə cinayətinin Xocalı şahidi: Ermənistan müttəhim kürsüsündə” kitabı,
Ithaca Press tərəfindən çap olunub, London 2014