23 Fevral 2017

Qərbi Avstraliyanın paytaxtı Pert şəhərində Xocalı soyqırımına həsr olunmuş tədbir keçirilib.

Azərbaycan Respublikasının Avstraliyada fəxri konsulluğu tərəfindən təşkil edilən tədbirdə Avstraliya federal parlamentinin deputatları, hər iki ölkənin parlamentlərarası dostluq qrupunun üzvləri, Pert şəhərində yaşayan həmyerlilərimiz, ictimai xadimlər, media təmsilçiləri və şəhər sakinləri iştirak ediblər.

Tədbirdə Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı Xanlar Fətiyev və Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə iştirak ediblər. Əvvəlcə Xocalı faciəsi qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın Avstraliyadakı fəxri konsullu Aydan Rzayeva tədbirdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəşi, eləcə də Xocalı soyqırımı haqqında ətraflı məlumat verilib. Daha sonra tədbir iştirakçılarına Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqisəşi tarixindən, Xocalı soyqırımından bəhs edən "Xocalıya ədalət!" kampaniyası çərçivəsində çəkilən film nümayiş etdirilib.

Tədbirdə çıxış edən millət vəkili X.Fətiyev bildirib ki, Хоcalı soyqırımı özünün siyasi-hüquqi qiymətini yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra alıb və onun beynəlxalq ictimaiyyətə çatdırılması üzrə məqsədyönlü tədbirlər görülməyə başlanılıb. О qeyd edib ki, prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan dünya birliyinə Xocalı soyqırımının tanınması, o cümlədən xalqımıza qarşı erməni millətçiləri tərəfindən törədilmiş bir çox cinayətlər barədə həqiqətləri çatdırmaq üçün məqsədyönlü və ardıcıl iş aparılır.

X.Fətiyev Xocalı soyqırımından bəhs edərək, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ikili standartların mövcud olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Azərbaycanın haqlı mövqeyi, Azərbaycan Respublikasının yeni təyin olunmuş vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın müstəsna rolu sayəsində və Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası sayəsində bir çox ölkələr Xocalı faciəsini pisləyib, onu soyqırım kimi tanıyıblar. Bu ölkələr sırasında Çexiya, Rumıniya, Bosniya və Herseqovina, Meksika, Pakistan, Peru, ABŞ-ın 20-dən artıq ştatı və digər ölkələr var.

Tədbirdə çıxış edən millət vəkili A.Mollazadə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini zəbt etməsi və şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirməsi barədə danışıb. Millət vəkili faciə ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə tanınması məsələsinin Azərbaycanın daim diqqətində olduğunu və bu istiqamətdə görülmüş əməli tədbirlərin konkret nəticələr verdiyini söyləyib. A.Mollazadə başqa xalqların diaspor təşkilatları ilə birlikdə Xocalı faciəsinin həqiqətlərini dünyaya çatdırmaq istiqamətində görülən işlərdən söz açaraq qeyd edib ki, hətta yəhudi diasporu hər il Holokost qurbanlarını anarkən Xocalı soyqırımında həlak olan vətəndaşlarımızı da anır.

Sonra tədbirdə çıxış edən Qərbi Avstraliya parlamentinin deputatı Liz Behcad, Holokostla Xocalı soyqırımının oxşarlığını bildirərək, buna layiqli bir qiymət verilməsinin vacibliyini vurğulayıb. O, Xocalı faciəsinə hələ də dünyada layiqli hüquqi və siyasi qiymət verilməməsindən təəssüfləndiyini bildirib.

Avstraliya-Azərbaycan Dostluq Cəmiyyətinin prezidenti Con Hammond Azərbaycanın reallıqlarından danışaraq, ölkəmizin ən tolerant dövlətlərdən biri olduğunu xüsusi vurğulayıb. Avstraliya-Azərbaycan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sabiq rəhbəri Lyuk Simpkins isə bildirib ki, Xocalı soyqırımı kimi hadisələrin təkrarlanmaması üçün bu faciə layiqli qiymət almalıdır.

Qeyd edək ki, 1992-ci il fevralın 25-dən 26-a keçən gecə Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Xocalı soyqırımı zamanı 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca qətlə yetirilib. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil.