Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2024

Nyu-York şəhərində fəaliyyət göstərən Türk Evində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş “Remembrance of Khojaly: A Tribute through Music and Art” adlı anım tədbiri keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Amerika Azərbaycan Təşkilatları Alyansı və “Mənim yolum” (My Way) Uşaq və Gənclərin İnkişafı Mərkəzi tərəfindən təşkil olunan tədbirdə əvvəlcə Azərbaycanın və ABŞ-ın Dövlət himnləri səsləndirilib, Xocalı soyqırımı şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyevin, Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgürün, diplomatik korpusun nümayəndələrinin, yəhudi və digər dost icmaların üzvlərinin, Nyu-York və ətraf ərazilərdə yaşayan həmvətənlərimizin iştirak etdikləri tədbirin aparıcısı, azərbaycanlı tələbə Leyla Aslanova erməni terrorçularının xalqımıza qarşı xüsusi qəddarlıqla törətdikləri Xocalı soyqırımı haqqında geniş məlumat verib.

Bədii hissədə ABŞ-da yaşayan soydaşımız, Drezden Simfonik Orkestrının solisti və Norveç Musiqiçilər Birliyinin üzvü, kamança ifaçısı Şəbnəm Hüseyn “Xocalı soyqırımı şəhidlərinin xatirəsinə ithaf” adlı konsert proqramı ilə çıxış edib. Sənətçi Azərbaycan və klassik bəstəkarların (Albinoninin "Adagio", Erik Satin "Ginossienne", Fikrət Əmirovun "Mən səni araram", Tofiq Quliyevin "Qəmgin mahnı", Asəf Zeynallının "Ölkəm" romansı, "Ay Laçın" xalq mahnısı, Fərhad Bədəlbəylinin “Ave Maria”) əsərlərini ifa edib.

Tədbir çərçivəsində ABŞ-da yaşayan azərbaycanlı incəsənət xadimləri - rəssam Çingiz Mahir Musayevin Xocalı kompozisiyası adlı dörd əsəri, heykəltaraş-rəssam, “Mənim yolum” (My way) Uşaq və Gənclərin İnkişafı Mərkəzinin müəllimi Emin Quliyevin Xocalı qurbanlarına həsr edilmiş heykəli nümayiş olunub.