Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
27 Fevral 2016

Berlinin Humboldt Universitetində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair elmi müzakirələr keçirilib. Tədbir 1992-ci il fevralın 26-da baş vermiş Xocalı faciəsi qurbanlarının əziz xatirəsinə həsr olunub.

İctimai–siyasi xadimlər, deputatlar, diplomatlar, mətbuat nümayəndələri, Azərbaycan diasporunun fəalları, müəllim və tələbə heyəti də daxil olmaqla, 200 nəfərlik auditoriya qarşısında çıxış edən Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Almaniya ofisinin direktoru Şahin Namati-Nasab deyib: “TEAS Heydər Əliyev Fondunun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyası çərçivəsində bu tədbiri təşkil etdiyi üçün qürur hissi duyur. 2008-ci il mayın 8-də başlayan “Xocalıya ədalət!” kampaniyasının tez bir zamanda geniş vüsət alması regionda ədalətin bərqərar edilməsinə beynəlxalq dəstək tədbiridir. Bu dəstək Avropa, Amerika, Asiya və Afrikada 100-dən artıq ölkədə tədbirlərin keçirilməsi ilə ifadə olunub. Xocalı faciəsinin 24 illiyi münasibətilə TEAS “Xocalıya ədalət!” kampaniyası çərçivəsində Strasburq, Stokholm, Vilnüs, Afina, London, Brüssel, Paris, İstanbul, və Florensiya şəhərlərində tədbirlər təşkil edib”.

Namati-Nasab çıxışını davam etdirərək bildirib: “Mən bugünkü müzakirələrdə iştirak edən Azərbaycanın Almaniyadaki səfiri Pərviz Şahbazovu, Bundestaq üzvləri, xüsusilə deputat Florian Hahnı salamlayıram. Bu tədbirdə əsas məruzəçi kimi professor Yohannes Rau çıxış edəcək. O, postsovet ölkələri üzrə tanınmış ekspertdir. Bu gün biz Moskvada mühüm elmi vəzifələrdə çalışan professor Raunun mülahizələrini dinləyəcəyik. Biz Xocalı faciəsinin 24-cü ildönümünü anırıq. Təəssüf ki, beynəlxalq ictimaiyyət Azərbaycan torpaqlarının Ermənistanın silahlı birləşmələri tərəfindən davam edən işğalına göz yumur və bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün acınacaqlı vəziyyətinə biganə yanaşır”.

Azərbaycan səfiri Pərviz Şahbazov Xocalı qətliamı, Dağlıq Qarabağ bölgəsinin və yeddi ətraf rayonun davam edən işğalı barədə danışaraq qeyd edib ki, Azərbaycan bu münaqişənin həllində konstruktiv mövqe sərgiləyir. Ermənistan üzərinə düşən öhdəlikləri yerinə yetirməli və işğal etdiyi Azərbaycan ərazilərini tərk etməlidır.

Parlament üzvü Florian Hahn Azərbaycanın Almaniya üçün strateji tərəfdaşlığının əhəmiyyətindən bəhs edərək deyib ki, Almaniya Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində yaxından iştirak etməli, xüsusilə ATƏT-in Minsk qrupu çərçıvəsində aparılan danışıqlar prosesində öz fəallığını artırmalıdır.

Professor Yohannes Rau soyqırımı dəhşətini təsirli sözlərlə ifadə edib. O vurğulayıb ki, Xocalıda ağlasığmaz vəhşiliklər törədilib. Bunun nəticəsində çoxlu sayda ölən və yaralanan olub, insan hüquqlarının pozulması faktı baş verib. Xocalıdakı kütləvi insan qırğını faktları xarici hüquq müdafiəçilərinin hesabatlarında da öz əksini tapıb. Professor bildirib ki, Dağlıq Qarabağda törədilmiş hərbi cinayətlərin araşdırılması və onları törədənləri məsuliyyətə cəlb etməyin artıq vaxtı çatıb.