Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
28 Fevral 2016

İtaliyanın “Sicilia journal” onlayn jurnalında Azərbaycanın Siciliya və Kalabriya regionlarındakı fəxri konsulu Domeniko Kokonun Azərbaycan-İtaliya münasibətləri, Xocalı soyqırımı və ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi perspektivlərinə dair müsahibəsi yerləşdirilib.

İlk olaraq Dağlıq Qarabağ münaqişəsinin ən qanlı səhifələrindən olan Xocalı soyqırımının qurbanlarının anıldığı yazıda ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdikləri vəhşilikdən bəhs olunur. D.Koko deyib: “Əsrlər boyu baş vermiş müxtəlif münaqişələrdə Azərbaycan xeyli sayda şəhid verib. Lakin bütün gərginliklərə baxmayaraq, bu ölkə hər zaman dialoqa və qarşılıqlı anlaşmaya hazır olub. Dinamik inkişafın müşahidə olunduğu Azərbaycan müxtəlif Avropa ölkələri, xüsusilə İtaliya ilə sıx dialoq qurub. Azərbaycanın “Milan Expo 2015” ümumdünya sərgisindəki uğurunu xüsusi vurğulamaq istərdim. Bu ölkənin pavilyonu sərginin ən çox ziyarətçi cəlb edən məkanı olub. Bu, böyük nailiyyətdir. Azərbaycanın önəmli nailiyyətlərindən biri də ötən il ilk dəfə keçirilən Avropa Oyunlarına uğurla ev sahibliyi etməsidir”.

Fəxri konsul diqqətə çatdırıb ki, cari və növbəti illərdə də Azərbaycanda mühüm tədbirlər keçiriləcək. Bu ölkənin qazını Avropaya çatdıracaq TAP layihəsi Azərbaycan-İtaliya əlaqələrinə xüsusi önəm qatır: “Ölkələrimiz arasında mədəni münasibətlər də yüksək səviyyədədir. Bu yaxınlarda Vatikanda səfərdə olan Azərbaycanın birinci xanımı Mehriban Əliyeva rəhbərlik etdiyi Heydər Əliyev Fondunun dəstəyi ilə bərpa olunmuş Müqəddəs Marçellinio və Pietro katakombalarının açılışında iştirak edib. Bu, bəşəri dəyərlərin qorunmasına önəmli töhfədir. Ötən il olduğu kimi, gələcək illər də Azərbaycan üçün parlaq günlər vəd edir. Bu ölkə mühüm tədbirlərə ev sahibliyi etməyə davam edəcək. BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu da Bakıda keçiriləcək. İtaliyanın müxtəlif regionları, o cümlədən Siciliya və Kalabria bölgələri ilə Azərbaycanın əməkdaşlığının daha da genişlənəcəyinə ümid edirəm”.