Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
14 Fevral 2016

Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatının Dialoq və Əməkdaşlıq üzrə Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə başlayan “Xocalıya ədalət” beynəlxalq kampaniyası çərçivəsində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşkilatçılığı ilə silsilə tədbirlərə start verilib.

İlk tədbir Gürcüstanın Laqodexi bölgəsinin Kaxeti rayonunun Qabal kəndində keçirilib.

Tədbirdə səfirliyin əməkdaşları, rayon rəhbərliyi, kənd ziyalıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının, eləcə də Azərbaycanın və Gürcüstanın ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Qabal kənd icra nümayəndəliyinin rəhbəri Namaz Allahverdiyev Xocalı soyqırımının baş vermə səbəbləri, acı nəticələri barədə məlumat verib. Dünyanın aparıcı ölkələrinin bu faciəyə hələ də hüquqi və siyasi qiymət verməməsini təəssüflə qeyd edib.

Azərbaycanın Gürcüstandakı səfirinin müavini Dursun Həsənov çıxış edərək xalqlarımız arasındakı əlaqələrdən söz açıb, qardaş və dost gürcü xalqının nümayəndələrinin də bu cür tədbirlərdə iştirakını xüsusi qeyd edib. Bildirib ki, dünyanın 40-a yaxın ölkəsi Xocalı faciəsinin soyqırımı olduğunu təsdiqləyib. Gürcüstan parlamentinin də bu faciəyə düzgün qiymət verəcəyinə və soyqırımı kimi tanıyacağına inamını ifadə edib. Diplomat, anım tədbirlərinin Gürcüstanda, azərbaycanlıların yığcam yaşadıqları bütün bölgələrdə keçiriləcəyini bildirib.

Rayon icra hakimiyyətinin başçısı Kaxa Camburiya 1992-ci il fevralın 26-da Xocalı şəhərində törədilən faciədən ürək ağrısı ilə danışıb. O deyib: “Qoca, qadın, uşaq, bir sözlə bütün yerli sakinlər öldürülürsə, bunu yalnız bir xalqın soyqırımı adlandırmaq olar, başqa bir sözlə əvəz etmək olmaz”.

Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri çıxış edərək Xocalı faciəsinin ağrı-acılarından danışıb, 24 il əvvəl yaşanan bu hadisələrin səbəbkarlarının gürcü tarixində də oxşar izlər qoyduqlarını vurğulayıblar.

Sonda məktəblilər şeirlər söyləyiblər, Xocalı faciəsindən bəhs edən sənədli film nümayiş etdirilib.