16 fevral 2016

Meksikanın nüfuzlu ali təhsil müəssisələrindən olan “Anahuac” Universitetində Azərbaycanın bu ölkədəki səfirliyi tərəfindən ispan dilinə tərcümə edilmiş və nəşr olunmuş “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” kitabının təqdimat mərasimi keçirilib.

Təqdimatda universitetin beynəlxalq araşdırmalar fakültəsinin dekanı Karlos Kamaço Qaos, bu ali məktəbin tələbə, müəllim və müxtəlif dərəcəli elmi işçi heyəti iştirak edib.

Karlos Kamaço Qaos İlqar Muxtarovun Meksikada səfir işlədiyi müddətdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin möhkəmlənməsi işinə töhfə verdiyini söyləyib. O, İ.Muxtarovun Meksikada diplomatik fəaliyyətinin artıq başa çatdığını, bu tədbirin həm də bir növ vidalaşma mərasimi olduğunu söyləyib. Eyni zamanda, “Anahuac” Universiteti ilə yaxından əməkdaşlıq etdiyi üçün təşəkkürünü bildirib və gələcək fəaliyyətində ona uğurlar arzulayıb. K.K.Qaos Azərbaycan tarixi həqiqətlərinin tanıdılması baxımından təqdimatı keçirilən kitabın mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.

İlqar Muxtarov Azərbaycanın ərazisi, əhalisi barədə məlumat verib, onun müxtəlif dəyərlərin bir araya gəldiyi tolerant ölkə olduğunu deyib. O, ölkəmizdə müsəlmanların, xristianların və başqa dinlərin nümayəndələrinin bir yerdə sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını söyləyib.

Diplomat “İrəvan xanlığı: Rusiya işğalı və ermənilərin Şimalı Azərbaycan torpaqlarına köçürülməsi” tarixi kitabının xüsusi əhəmiyyətindən danışaraq bildirib ki, bu nəşrin işıq üzü görməsi Azərbaycanda tarix elmində diqqətəlayiq bir hadisədir. Kitabda XVIII əsrin ortalarında Nadir şah imperiyasının süqutundan sonra meydana gələn, Cənubi Qafqazın tarixində əhəmiyyətli rol oynayan, XIX əsrin əvvəllərində yadelli işğalçılara qarşı qəhrəmancasına mübarizə aparan Azərbaycan dövlətlərinin birindən - İrəvan xanlığından bəhs olunur. Nəşrdə XIX əsrin əvvəllərində baş verən Rusiya işğallarına qədər İrəvan xanlığı əhalisinin mütləq əksəriyyətinin Azərbaycan türklərindən ibarət olması təkzibolunmaz mənbələr əsasında sübuta yetirilib və erməni müəlliflərin xanlığın xristian əhalisi barədə uydurma fikirləri - əhalinin əksəriyyətinin guya ermənilərdən ibarət olması ideyası ifşa edilir.

Həmçinin diqqətə çatdırılıb ki, XIX əsrin əvvəllərində rus qoşunları tərəfindən qanlı müharibələr nəticəsində ələ keçirilən İrəvan xanlığının ərazisinə ermənilərin köçürülməsi çoxsaylı arxiv materialları, xüsusilə köçürülmə prosesini tənzimləyən rəsmi dövlət sənədləri - təlimatlar vasitəsilə əks olunub.

İ.Muxtarov, həmçinin Ermənistanın Azərbaycana qarşı təcavüzü, Xocalı soyqırımının nəticələri barədə danışıb. Bildirilib ki, Xocalı soyqırımı ermənilər tərəfindən 200 ildən artıq müddətdə azərbaycanlılara qarşı törədilmiş qeyri-insani və qəddar cinayətlərin davamıdır. Ermənilər “Dənizdən-dənizə böyük Ermənistan” yaratmaq barədə təcavüzkar və uydurma ideyalarına əsasən, keçmiş SSRİ rəhbərliyinin dəstəyi ilə 1988-ci ildən etibarən ölkəmizə qarşı ərazi iddiaları irəli sürüb. Bunun nəticəsi olaraq, Azərbaycanın Dağlıq Qarabağ regionu və ətrafındakı 7 rayon işğal edilib. 1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələrinin törətdiyi soyqırımı nəticəsində 613 dinc sakinin həyatına son qoyulub. Xocalı soyqırımına görə məsuliyyət daşıyan şəxslər indiyədək cəzasız qalırlar. Xocalıda baş vermiş hadisələrin beynəlxalq ictimaiyyət tərəfindən tanınması Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsi və qaçqınların öz evlərinə qayıtmaları ilə bağlı 4 qətnamə qəbul etməsinə baxmayaraq, bunların heç biri icra olunmayıb. Artıq bir neçə ölkənin parlamentlərində (Meksika, Kolumbiya, Peru, Panama, Qvatemala, Honduras, Pakistan, Sloveniya və s.), həmçinin İslam Əməkdaşlıq Təşkilatının Parlamentlər İttifaqında, Azərbaycan ərazilərinin işğalını və Xocalı soyqırımını pisləyən qərarlar qəbul edilib.

Tədbirin sonunda suallar cavablandırılıb. Həmçinin səfirlik tərəfindən ispan dilində hazırlanmış və Meksikada dərc edilmiş “Xocalıda soyqırımı” jurnalı, ispan dilinə tərcümə edilmiş “Sumqayıt 1988: Cinayət və cəza” və “Real tarix və “Böyük Ermənistan” uydurması” kitabları iştirakçılara və universitetin kitabxanasına təqdim edilib.