Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Fevralın 25-də Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunmuş tədbir keçirilib.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinin sükutla yad edilməsi ilə başlayıb.

Daha sonra Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova çıxış edərək təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımı haqqında məlumat verib. XX əsrin faciəsi olan Xocalı soyqırımını aqressiv və cinayətkar erməni siyasətinin nəticəsi kimi tariximizdə yer almasını qeyd edən komitə sədri bildirib ki, bu qanlı aksiya özünün amansızlığına və qəddarlığına görə faşistlərin törətdikləri cinayətləri belə geridə buraxmışdı.

Xocalı haqqında həqiqətin dünyada bilinməsi, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün Azərbaycan dövlətinin bütün zəruri addımları atdığını qeyd edən H.Hüseynova ümummilli lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra ölkəmizin informasiya blokadasından çıxaraq, Azərbaycan həqiqətlərinin, o cümlədən, Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılmasını xüsusilə vurğulayıb. Qısa müddət ərzində Xocalı genosidinin bir çox dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən soyqırımı kimi qəbul edildiyini qeyd edən komitə sədri bildirib ki, hazırda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə dövlət qurumları, vətəndaşlarımız, xaricdəki soydaşlarımız tərəfindən Xocalı həqiqətlərinin dünyaya çatdırılması, onun əsl soyqırımı aktı kimi tanıdılması istiqamətində mühüm addımlar atılır. O, bu təbliğat işlərinin aparılmasında Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevanın, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində təqdirəlayiq işləri olduğunu diqqətə çatdırıb.

H.Hüseynova daha sonra tədbirdə iştirak edən uşaqlara üz tutaraq, onların bu gün burada iştirak etmələrinin heç də təsadüf olmadığını bildirib və əlavə edib ki, Azərbaycan gələcəyinin inkişafı, erməni işğalçılarının mənfur əməllərinin beynəlxalq müstəvidə tanınması həm də uşaqların əlindədir.

“Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası İctimai Birliyinin nümayəndəsi Fərid Cəfərov bildirilib ki, artıq bir sıra dövlətlərin parlamentlərinın Xocalı faciəsini rəsmi şəkildə soyqırımı kimi tanımasına və Ermənistanın Azərbaycana qarşı təcavüzünün pislənilməsinə nail olunub.

Niderland, Almaniya, Türkiyə, Meksika, Bosniya və Herseqovinada soyqırımı qurbanlarının xatirəsinə memorial kompleks və abidələr ucaldılıb. O, kampaniyanın Xocalı soyqırımına beynəlxalq səviyyədə siyasi-hüquqi qiymət verilməsi istiqamətində həyata keçirdiyi fəaliyyət, soyqırımı haqqında hazırlanan müxtəlif təbliğat və maarifləndirmə vasitələri (nəşr, internet səhifəsi, sosial media və digər) barədə məlumatları diqqətə çatdırıb.

Tədbirdə “Xocalıya ədalət!” Beynəlxalq Kampaniyası İctimai Birliyi tərəfindən hazırlanan Xocalı soyqırımına həsr olunmuş qısametrajlı film nümayiş etdirilib.

Sonda məktəblilərin də iştirakı ilə yekun müzakirələr aparılıb. Şagirdlərin təklif və fikirləri dinlənilib, sualları cavablandırılıb.