Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
25 Fevral 2016

Xorvatiyanın “Jutarni List” qəzetində AZƏRTAC-ın xüsusi müxbiri İqbal Hacıyevin xorvat dilində “Xocalıda günahsız insanlara qarşı törədilmiş cinayət tanınmalıdır” sərlövhəli məqaləsi dərc edilib.

Məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu qeyd edilib, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələrindən bəhs olunub. Xocalı soyqırımının insanlığa sığmayan faciə olduğu vurğulanıb. Xankəndidən 10 kilometr cənub-şərqdə, Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzərində yerləşən Xocalıya ermənilərin göstərdiyi marağın şəhərin mühüm strateji mövqeyə malik olmasından irəli gəldiyi diqqətə çatdırılıb.

Müəllif yazır ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda erməni silahlı qüvvələri dinc azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı törədiblər. Erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 613 dinc sakin qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 şəxs əsir götürülüb, 150 nəfər itkin düşüb.

Məqalədə Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Məhz Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevralın “Xocalı soyqırımı günü” elan olunduğu diqqətə çatdırılıb. Müəllif vurğulayıb ki, Xocalı soyqırımını törədənlər cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.