Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
03 Mart 2016

Macarıstan parlamentində təmsil olunan ikinci böyük siyasi partiya - Daha Yaxşı Macarıstan Uğrunda – Yobbik partiyası Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı pres-reliz yayıb.

1992-ci il fevralın 26-da Xocalıda erməni silahlı birləşmələri tərəfindən dinc azərbaycanlı əhaliyə qarşı törədilən vəhşiliklərdən və Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən bəhs edən bu mühüm sənəd ölkənin aparıcı kütləvi informasiya vasitələri tərəfindən yayılıb.

Pres-relizdə Azərbaycan xalqının 1988-ci ildən erməni təcavüzü ilə üzləşdiyi, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi, ermənilərin Xocalıda sadəcə etnik mənsubiyyətinə görə 83-ü uşaq, 106-sı qadın olmaqla, 613 dinc sakini amansızcasına qətlə yetirdikləri qeyd olunur. Ermənistanın bu gün də Azərbaycan torpaqlarının beşdə birini işğal altında saxladığının açıq şəkildə vurğulandığı pres-relizdə törədilən qanlı cinayətlərə baxmayaraq, ölkəmizin münaqişənin hərbi yolla deyil, diplomatik danışıqlar vasitəsilə həllinə çalışdığı bildirilir.

Yobbik partiyası ermənilərin Azərbaycana qarşı təcavüzünü qətiyyətlə pislədiyini, Azərbaycanın tarixi ədalətin bərpası, münaqişənin həlli və uzunmüddətli sülh yaratmaq istiqamətindəki səylərini dəstəklədiyini bildirir. Məlumatda, eyni zamanda, Azərbaycan xalqı ilə həmrəylik ifadə olunur, Xocalı soyqırımı qurbanlarının ailələrinə və yaxınlarına başsağlığı verilir.

Partiyanın sədri Qabor Vona səfir Vilayət Quliyevə ünvanladığı ayrıca məktubda faciəli hadisənin ildönümü ilə əlaqədar Azərbaycan rəhbərliyinə Yobbik partiyasının kədər və təəssüfünü çatdırmağı xahiş edib.