Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olan Xocalı soyqırımından 24 il keçir.

Xocalı faciəsi Xatın, Lidisa, Oradur soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı bir hadisədir. Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırımı siyasətinə məruz qalıb. Azərbaycanlılar tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib və bütün bunlar ermənilər tərəfindən törədilmiş kütləvi qırğınlarla müşayiət olunub.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri keçmiş SSRİ-nin Xankəndidə yerləşən 366-cı motoatıcı alayının şəxsi heyətinin və texnikasının bilavasitə iştirakı ilə Xankəndi ilə Əsgəran arasında yerləşən Xocalı şəhərini zəbt edərək, Azərbaycan xalqına qarşı soyqırımı həyata keçirib.

Hücumdan əvvəl, fevralın 25-i axşamdan şəhər toplardan və ağır zirehli texnikadan şiddətli atəşə tutulmağa başladı. Nəticədə şəhərdə yanğınlar baş verdi və fevralın 26-sı səhər saat 5 radələrində şəhər tam alova büründü. Belə bir vəziyyətdə erməni əhatəsində olan şəhərdə qalmış təqribən 2500 nəfər əhali yaxınlıqdakı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etməyə məcbur oldu. Ancaq bu, baş tutmadı. Şəhəri yerlə-yeksan etmiş erməni silahlı dəstələri və motoatıcı alayın hərbçiləri dinc əhaliyə divan tutdular.

Məqsəd bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Erməni silahlı dəstələrinin Xocalıya hücumunu şəhərin coğrafi mövqeyi şərtləndirirdi. 7000 əhalisi olan Xocalı Xankəndidən 10 kilometr cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üzərində yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır.

Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi. Son illərdə baş vermiş hadisələrlə əlaqədar olaraq Fərqanədən (Özbəkistan) qaçqın düşmüş 54 məhsəti türkü ailəsi, həmçinin Ermənistandan və Xankəndidən qovulmuş azərbaycanlıların bəziləri bu şəhərdə məskunlaşmışdılar. Sonralar ermənilər etiraf edirdilər ki, Ermənistan silahlı dəstələrinin ilk əsas vəzifəsi Xocalı platsdarmının məhv edilməsi, bu məntəqədən keçən Əsgəran-Xankəndi yolunun boşaldılması, azərbaycanlıların nəzarətində olan aeroportun ələ keçirilməsi idi.

Xocalıda törədilən soyqırımı nəticəsində 613 nəfər amansız şəkildə həlak oldu. Onların 63-ü uşaq, 106-sı qadın, 70-i qoca idi. Səkkiz ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini itirdi, 130 uşaq valideynlərindən birini itirdi. 487 nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 155 nəfər itkin düşdü.

XX əsr dünya tarixinin ən qəddar soyqırımı aktı olan Xocalı faciəsi haqqında tarixi həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində bünövrəsini ümummilli lider Heydər Əliyevin qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

“Xocalıya ədalət!” beynəlxalq təbliğat və məlumatlandırma kampaniyası da bu siyasi kursun həyata keçirilməsində, xüsusilə Qarabağ həqiqətlərinin dünyaya çatdırılmasında uzaqgörənliklə düşünülmüş uğurlu bir strategiyadır.

“Xocalıya ədalət!” bu gün bəşəriyyəti terror nəticəsində zülm və işgəncələrdən əziyyət çəkən milyonlarla insanın taleyi uğrunda mübarizəyə çağıran mənəvi bir cəbhədir. “Xocalıya ədalət!” çağırışı beynəlxalq terrora qarşı mübarizədə humanizm dəyərləri üzərində köklənmiş güclü və yeni strateji modeldir.

“Xocalıya ədalət!” beynəlxalq məlumat kampaniyası Heydər Əliyev Fondunun vitse-prezidenti, İslam Əməkdaşlıq Təşkilatı Gənclər Forumunun baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci il mayın 8-də - Şuşanın işğalı günü irəli sürülüb. Faciənin mənəvi və siyasi-hüquqi tanınmasına yönəlmiş bu kampaniya dünyanın bir çox ölkələrində uğurla həyata keçirilir. Bu kampaniyanın nəticəsi olaraq İslam Əməkdaşlıq Təşkilatı ermənilərin Xocalıda törətdiyi mənfur əməlləri “insanlığa qarşı kütləvi cinayət” kimi tanıyıb və üzv dövlətləri bu faciəyə lazımi siyasi-hüquqi qiymət verməyə çağırıb.

Artıq Xocalı faciəsinin soyqırımı olması faktı dünyanın bir çox ölkələrinin və beynəlxalq təşkilatların qərarlarında, qətnamələrində əksini tapır. Meksika, Kolumbiya, Peru, Pakistan, Bosniya və Herseqovina, Rumıniya, Çexiya, İordaniya, Honduras, Qvatemala, Panama, Sudan parlamentləri, eləcə də, ABŞ-ın 21 ştatının qanunverici orqanları və İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımını tanıyan və pisləyən sənədlər qəbul ediblər.

Bu gün “Xocalıya ədalət!” dünyanı gəzir, beynəlxalq kürsülərdən insanları haqsızlığa, zülmə və zülmkarlığa, terrorçuluğa qarşı mübarizəyə çağırır. Məqsəd Xocalı faciəsinin əsl mahiyyətini, cinayətkarları və onların havadarlarını dünyaya bəyan etmək, ikili standart mövqeyində dayanmış ayrı-ayrı dövlətləri, bəzi beynəlxalq təşkilatları haqqın səsinə səs verməyə çağırmaqdır. Həmçinin beynəlxalq qurumların bu faciə ilə əlaqədar və eləcə də insan hüquqları və azadlıqları haqqında qəbul edilmiş qərarlarına, müraciətlərinə hörmətlə yanaşmağa çağırmaq, həm beynəlxalq hüquq normaları çərçivəsində, həm də əxlaqlı, saf siyasi yanaşma yolu ilə Xocalı faciəsinə hüquqi və siyasi qiymət vermək istəyidir.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər.

Azərbaycan xalqı 1948-ci il 9 dekabr “Soyqırımı cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması” konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilib. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar – müdafiə naziri Seyran Ohanyan, prezident Serj Sarkisyan, eləcə də sabiq prezident Robert Köçəryan və digərləri baş vermiş soyqırımının günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidirlər.

Bu gün Azərbaycanın Xocalı adlı bir şəhərindən əsər-əlamət yoxdur. Sağ qalan xocalılılar Azərbaycanın 48 şəhər və rayonunda 500-dən çox kənd və qəsəbəsində sanatoriya, düşərgə, çadır şəhərciyi və xüsusi evlərdə müvəqqəti məskunlaşıblar.

Doğma yurdlarından didərgin düşmüş Xocalı sakinləri, o cümlədən Sumqayıtda məskunlaşmış 118 ailə dövlətin hərtərəfli diqqət və qayğısı ilə əhatə olunublar. Onlar Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli, Ermənistanın Azərbaycana qarşı təcavüzünün dəf edilməsi, ölkənin ərazi bütövlüyünü bərpa olunması ümidi ilə yaşayırlar.

Heç bir cinayət, xüsusilə də insanlığa qarşı törədilmiş cinayət cəzasız qalmamalıdır və qalmayacaq.

Azərbaycan paytaxtının minlərlə sakini Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar fevralın 26-da səhərin erkən vaxtlarından Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edir, önünə güllər düzürlər.