Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

İslamabad şəhərindəki Milli Müdafiə Universitetində “Xocalı soyqırımının 24-cü ildönümü: Dağlıq Qarabağ və Kəşmir münaqişələrinin perspektivi” adlı seminar keçirilib.

Tədbirdə Pakistanın Xarici İşlər Nazirliyinin əməkdaşları, səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, alimlər, elm və mədəniyyət xadimləri, jurnalistlər iştirak ediblər.

Pakistan Xarici Xidmət Akademiyasının sabiq direktoru, səfir Fovziya Nasrin Xocalı soyqırımı ilə bağlı çıxış edərək bildirib ki, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri yerlə-yeksan edilib, mülki əhaliyə divan tutulub, insanlar təhqir edilib, qocalar, qadınlar, uşaqlar öldürülüb.

Kayde-Əzəm Universitetinin professoru Nazir Hüseyn çıxışında Pakistanın Ermənistanla heç bir münasibət qurmadığını, Pakistan Senatının Xocalı soyqırımını tanıdığını, Azərbaycan və Pakistanın Dağlıq Qarabağ və Kəşmir məsələlərində həmrəylik nümayiş etdirdiyini diqqətə çatdırıb.

Xarici İşlər Nazirliyinin İslam Əməkdaşlıq Təşkilatı, Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə idarəsinin direktoru İrfanulla Xan Azərbaycan və Pakistan arasındakı qardaşlıq münasibətlərindən, ikitərəfli əlaqələrin bundan sonra da dərinləşməsi istiqamətində görüləcək işlərdən danışıb.

Heydər Əliyev Fondunun Pakistanın müxtəlif əyalətlərində reallaşdırdığı humanitar layihələrin xüsusi əhəmiyyətə malik olduğunu deyən İrfanulla Xan vurğulayıb ki, Fondun prezidenti Mehriban Əliyevanın Pakistan Prezidenti Məmnun Hüseyn tərəfindən “Hilal-e Pakistan” ali dövlət mükafatı ilə təltif olunması dostluq münasibətlərimizin təzahürüdür.

Milli Müdafiə Universitetinin beynəlxalq əlaqələr idarəsinin müdiri, professor Məhəmməd Xan Xocalı faciəsinin soyqırımı olmasının faktlarla və beynəlxalq sənədlərlə sübut edildiyini iştirakçıların diqqətinə çatdırıb.

İslamabad Siyasət Araşdırmaları İnstitutunun elmi işçisi Asiya Mahar Pakistan Senatı xarici əlaqələr komitəsinin 2012-ci il fevralın 1-də Xocalı soyqırımını tanıyan qətnamə qəbul etdiyini, erməni təcavüzü məsələsində Pakistanın Azərbaycanı dəstəklədiyini bildirib. O, Azərbaycanın da hər zaman Pakistanın yanında olduğunu, Heydər Əliyev Fondunun ölkədə həyata keçirdiyi humanitar layihələrin yüksək qiymətləndirildiyini vurğulayıb.

Azərbaycanın Pakistandakı müvəqqəti işlər vəkili Çingiz Qəribli bəşəriyyətə qarşı törədilmiş dəhşətli cinayətlərdən biri olan Xocalı faciəsinin Ermənistanın azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və soyqırımı siyasətinin tərkib hissəsi olduğunu bildirib. O, Pakistanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsində Azərbaycanı dəstəklədiyinə və Pakistan Senatının Xocalı soyqırımını tanıdığına görə Pakistan dövlətinə minnətdarlıq ifadə edib.

Seminarda Milli Məclisin deputatı Qənirə Paşayeva və professor Həvva Məmmədovanın urdu dilinə tərcümə edilmiş “Xocalı soyqırımı: şahidlərin dilindən” kitabının təqdimatı da keçirilib, nəşr iştirakçılara paylanılıb.

Pakistanın “Diplomatic Star” jurnalında tədqiqatçı Sabah Aslamın “Xocalı qətliamı və ədalət uğrunda Azərbaycanın mübarizəsi” adlı məqaləsi, eyni zamanda, Xocalı soyqırımı haqqında xüsusi reportaj dərc edilib. Urdu dilində nəşr edilən “Daily Insaf” və “Metro Watch” qəzetlərində də soyqırımı ilə bağlı həqiqətlər pakistanlı oxuculara çatdırılıb.