Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Azərbaycanın Bosniya və Herseqovinadakı diplomatik nümayəndəliyinin təşkilatçılığı ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində Sarayevo şəhərində XX əsrin ən dəhşətli və qanlı faciələrindən biri olan Xocalı soyqırımının 24-cü ildönümünə həsr olunan anım mərasimi keçirilib.

Əvvəlcə diplomatik nümayəndəliyin əməkdaşları, Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar Heydər Əliyev Fondunun təşəbbüsü ilə əsaslı təmir və bərpa edilmiş, Dobrinya çayı sahilində yerləşən Dostluq parkında Bosniya və Herseqovinada 1992-1995-ci illər müharibəsinin və 1992-ci ilin fevralında Azərbaycanın Xocalı şəhərində törədilmiş soyqırımının qurbanlarının xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.

Sonra kompleks önündə Bosniya və Herseqovina-Azərbaycan Dostluq Assosiasiyasının, bu ölkədə təhsil alan azərbaycanlı tələbələrin birgə hazırladıqları, Xocalı soyqırımı qurbanlarına həsr edilən əbədi-bədii kompozisiya nümayiş etdirilib.

Diplomatik nümayəndəlikdə davam etdirilən mərasimdə müşavir İsmayıl Cəfərov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törədilmiş misli görünməmiş qırğından söz açıb. O, XX əsrin ən dəhşətli və qanlı cinayətlərindən olan bu faciənin azərbaycanlılara qarşı soyqırımı olduğunu söyləyib.

Xocalı faciəsi ilə bağlı diplomatik nümayəndəliyin təşəbbüsü və dəstəyi ilə hazırlanmış məqalələr Bosniya və Herseqovina mətbuatında geniş işıqlandırılıb.