Error message

Missing or incomplete installation of the jReject library! Please follow the instructions from README.txt to get it.
26 Fevral 2016

Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar Azərbaycanın Türkmənistandakı səfirliyində anım mərasimi keçirilib.

Mərasimdə iştirak edən Türkmənistanda yaşayan soydaşlarımız, ziyalılar, iş adamları Xocalıda qətlə yetirilmiş dinc sakinlərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Xocalı soyqırımı haqqında məlumat verən səfir Həsən Zeynalov 1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin keçmiş sovet ordusunun Xankəndi şəhərində yerləşmiş, şəxsi heyətinin əksəriyyəti ermənilərdən ibarət olan 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərini zəbt etməsi və şəhərin dinc əhalisini qəddarlıqla qətlə yetirməsi barədə söhbət açıb. O, Xocalı faciəsinin iki yüz ilə yaxın bir müddətdə erməni millətçilərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardığı mənfur siyasətin davamı olduğunu vurğulayıb.

Səfir bu cinayətin qabaqcadan düşünülmüş qaydada, milli əlamətinə görə insanların tamamilə məhv edilməsi niyyəti ilə törədildiyini və bu mənada, BMT Baş Məclisinin 1948-ci il 9 dekabr tarixli 260 (III) saylı qətnaməsi ilə qəbul edilmiş “Genosid siyasətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyaya əsasən məhz soyqırımı olduğunu nəzərə çatdırıb.

Bildirilib ki, məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti tərəfindən Xocalı faciəsinə ilk dəfə hüquqi-siyasi qiymət verilib və bu faciənin dünya miqyasında tanınması istiqamətində ardıcıl və sistemli şəkildə tədbirlərin görülməsinə başlanılıb.

Diplomat faciə ilə bağlı həqiqətlərin beynəlxalq səviyyədə tanınması məsələsinin Azərbaycan Prezidenti İlham Əliyevin daim diqqətində olduğunu və bu istiqamətdə görülmüş əməli tədbirlərin konkret nəticələr verdiyini söyləyib. Belə ki, ölkə rəhbərliyinin apardığı məqsədyönlü siyasət artıq öz bəhrəsini verməkdədir və dünyanın bir sıra aparıcı ölkələrinin parlamentləri Xocalı faciəsini soyqırımı kimi tanınıb.

Vurğulanıb ki, ölkə başçısı tərəfindən Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin qarşısında ən əsas vəzifələrdən biri kimi qoyulub.

Tədbirdə bu qanlı hadisənin beynəlxalq səviyyədə tanınmasında Heydər Əliyev Fondu tərəfindən görülmüş işlər barədə məlumat verilib. Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanmış “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının soyqırımı haqqında həqiqətlərin dünyada tanıdılması istiqamətində ən səmərəli vasitələrdən biri olduğu diqqətə çatdırılıb.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə danışan səfir işğal edilmiş Dağlıq Qarabağ və ətraf rayonların Azərbaycanın ayrılmaz tərkib hissəsi olduğunu, bu faktın nüfuzlu beynəlxalq təşkilatların sənədlərində təsbit olunduğunu qeyd edib. Belə ki, BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsi, AŞPA və digər təşkilatların qətnamələri Azərbaycan torpaqlarının işğal olunduğunu birmənalı təsdiq edir. Diplomat təəssüflə vurğulayıb ki, Ermənistanın öz işğalçı siyasətini davam etdirməsi və danışıqlarda tutduğu qeyri-konstruktiv mövqe sülhün əldə olunması istiqamətində əsas maneədir.

Səfirliyin zalında Xocalı faciəsini əks etdirən materiallardan ibarət xüsusi guşə yaradılıb.

Tədbirin sonunda iştirakçılar Xocalı hadisələrini əks etdirən sənədli filmə baxıb, onlara faciə ilə bağlı əyani materiallar, o cümlədən fotoalbom, ədəbiyyat paylanılıb.